Yaponiyada yenin zəifləməsi ilə bağlı ciddi xəbərdarlıq | Banco.az

Yaponiyada yenin zəifləməsi ilə bağlı ciddi xəbərdarlıq

Müəllif:Mehin Qasımova,Banco.az

Yaponiyanın aparıcı biznes nümayəndələri yenin kəskin ucuzlaşmasının və valyuta məzənnəsindəki yüksək dəyişkənliyin ölkə iqtisadiyyatı üçün ciddi risklər yaratdığını bildiriblər.

Banco.az xəbər verir ki, zəif yen ixracatçılar üçün müəyyən üstünlüklər yaratsa da, enerji, xammal və ərzağın bahalaşması idxaldan asılı şirkətlərin xərclərini artırır. Bu vəziyyət daxili bazarda qiymət təzyiqlərini gücləndirməklə yanaşı, istehlak tələbinə də mənfi təsir göstərir.

Yenin dollara qarşı məzənnəsinin 40 ilin ən aşağı səviyyəsinə – 164-ə enməsi daha əvvəl Yaponiya və ABŞ-ın birgə valyuta müdaxiləsinə səbəb olmuşdu. Müdaxilədən sonra yen təxminən 5 faiz möhkəmlənsə də, biznes dairələrində narahatlıq səngiməyib.

"Mitsubishi Electric" şirkətinin maliyyə direktoru Keniçiro Fujimoto bildirib ki, yenin zəifləməsi avtomatik olaraq iqtisadiyyatın bütün sahələri üçün müsbət nəticə demək deyil.

Onun sözlərinə görə, Yaponiya iqtisadiyyatında müşahidə olunan ümumi problemlər şirkətlərə də birbaşa təsir göstərir.

Mütəxəssislər enerji, xammal və ərzaq qiymətlərinin yüksəlməsinin əhalinin alıcılıq qabiliyyətini zəiflədə və daxili tələbi azalda biləcəyini bildirirlər. Bu isə Yaponiyanın uzunmüddətli deflyasiya dövründən davam edən çıxış prosesinə əlavə təzyiq yarada bilər.

Yaponiya Xarici Ticarət Təşkilatının (JETRO) rəhbəri Norihiko İşiquro da zəif yenin ixracatçılar üçün üstünlük yaratdığını qeyd edib. Lakin onun sözlərinə görə, Yaponiya şirkətləri xammal və digər istehsal resurslarının böyük hissəsini xaricdən idxal etdiyinə görə yenin ucuzlaşması eyni zamanda onların xərclərini artırır.

Biznes nümayəndələri hesab edirlər ki, valyuta bazarında sabitliyin təmin edilməsi və yenin kəskin dalğalanmasının qarşısının alınması Yaponiya iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyır.