Müəllif:Mehin Qasımova/Banco.az
Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi cari maliyyə ilində yarımkeçiricilər istehsalçısı Rapidus şirkətini dəstəkləmək üçün 560 milyard yen (3,89 milyard dollar) məbləğində əlavə vəsait ayıracaq.
Banco.az xəbər verir ki, bu barədə departamentin rəhbəri Ken Saito Tokioda keçirdiyi mətbuat konfransında məlumat verib.
"Bu gün biz yarımkeçirici sənayeni dəstəkləmək üçün əlavə yardım göstərmək qərarına gəldik. Gələn il Rapidus üçün çox əhəmiyyətli olacaq. Əlavə yardımın məbləği 560 milyard yen təşkil edəcək. Gələcək nəsil yarımkeçiricilər rəqabət qabiliyyətinin açarı olan texnologiyadır. İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi də layihənin uğurunu təmin etmək üçün mümkün olan hər şeyi edəcək”-, deyə departamentin rəhbəri qeyd edib.
Bundan əvvəl də Yaponiya səlahiyyətliləri 2027-ci ilə qədər 2 nanometrlik çiplərin kütləvi istehsalına başlamaq üçün Rapidus-a təxminən 330 milyard yen (2,1 milyard dollar) ayırıb. Həmçinin bu il hökumət Yaponiyanın KIOXIA şirkəti və Amerika Western Digital tərəfindən həyata keçirilən yarımkeçiricilərin istehsalına təxminən 240 milyard yen (1,6 milyard dollar) ayıracaq.
Yaponiya son illərdə artan texnoloji rəqabət şəraitində yarımkeçiricilər istehsalı sektoruna böyük diqqət yetirir və iqtisadi təhlükəsizliyi təmin etmək üçün ölkədə istehsal bazası yaratmaq istəyir.
Bizi sosial şəbəkələrdən izləyin!!