«Yapı Kredi Bank Azərbaycan» QSC 2022-ci ilin üçüncü rübünü mənfəətlə başa vurub! | Banco.az

«Yapı Kredi Bank Azərbaycan» QSC 2022-ci ilin üçüncü rübünü mənfəətlə başa vurub!

Bankdan Banco.az-a verilən məlumata görə “Yapı Kredi Bank Azərbaycan” QSC faiz və qeyri-faiz gəlirlərini artırmağa müvəffəq olub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 10% artaraq 18.5 milyon manat, qeyri-faiz gəlirləri 34% artaraq 13,4 milyon manat təşkil edib. Ümumilikdə, Bank üçüncü rübü 17 milyon manat xalis faiz gəliri ilə başa vurub və bankın xalis mənfəəti 0.4 milyon manat olmuşdur.

Bankın istehlak və biznes kreditlərinə olan müştəri marağı öz əksini ümumi rüblük hesabatda tapmışdır. Belə ki, keçən ilin sonu ilə müqayisədə bankın ümumi kredit portfeli 25% artmış və 219 milyon manat olmuşdur, eyni zamanda cari ilin üçüncü rübündə biznes kreditləri 33% artaraq 155,5 milyon manata bərabər olmuşdur, həmçinin müştərilərin ehtiyaclarını nəzərə alaraq təklif edilən istehlak kreditləri portfeli 7% artaraq 43 milyon manat olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

2022-ci ilin III rübünün göstəricilərinə əsasən “Yapı Kredi Bank Azərbaycan” QSC  Azərbaycan Mərkəzi Bank tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımı səviyyədə yerinə yetirmişdir.  Belə ki, müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 31%, məcmu kapitalının adekvatlıq əmsalı isə 32% olmuşdur. Bankın məcmu kapitalı 75.1 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.

Əsas səhmdarları Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.

Ən sərfəli krediti almaq üçün müraciət et