Yanvarın 17-si SOCAR İstiqrazlarının növbəti faizləri ödəniləcək | Banco.az

Yanvarın 17-si SOCAR İstiqrazlarının növbəti faizləri ödəniləcək

“SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, 17 yanvar tarixində SOCAR İstiqrazları üzrə 2019-cu ilin  ilk faiz ödənişi həyata keçiriləcək. Hər istiqraz üçün 12.5 dollar olmaqla, ümumilikdə 1.25 milyon dollar vəsaitin bir həftə əvvəldən Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürüldüyü bildirilib.

SOCAR İstiqrazlarının faizləri hər 3 aydan bir ödənilir. Dollarda illik 5 faiz gəlir gətirən bu istiqrazların artıq sayca 9-cu faiz ödənişi ediləcək və bununla da, istiqraz sahiblərinin ümumi gəliri 11 milyon 250 min dollara yüksəlmiş olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Əsas xüsusiyyətləri SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti, likvidliyin yüksək olması, alğı–satqı əməliyyatlarının asanlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması olan SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda 170 milyon dolları keçib və Bakı Fond Birjasında ən çox alınıb–satılan qiymətli kağızdır – 2018-ci ildə 800-dən çox əqd bağlanıb.

1 və 5 saylı ASAN xidmət mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının 2018-ci il üzrə ölkənin ümumi istiqraz bazarındakı payı 24%, korporativ istiqraz bazarındakı payı isə 87% təşkil edib.