"Bloomberg" agentliyi dünyanın müxtəlif ölkələrində "xoşbəxtliyin qiyməti"ni müəyyən etmək imkanı verən yeni layihə hazırlayıb. Sözügedən layihənin metodikası Dünya Bankının 2010-2012-ci illəri əhatə edən həyat səviyyəsi statistikası və adambaşına düşən ÜMM-un statistikası, eləcə də Hellap İnstitutunun icmalında xoşbəxtlik anlayışının qiymətləndirilməsi əsasında hazırlanıb. Metodika üzrə 23 ölkədə xoşbəxtliyin qiyməti müəyyən olunub. Araşdırmalar nəticəsində xoşbəxtlik üzrə ən aşağı qiymət İsraildə qeydə alınıb. Belə ki, burada xoşbəxtliyin adambaşına düşən qiyməti 4491 dollar təşkil edir.
Araşdırmalar zamanı xoşbəxtlik üzrə ən yüksək qiymətin Qətərdə olduğu müəyyənləşib. Burada xoşbəxtliyin 1 nəfər üçün qiyməti 14609 ABŞ dolları təşkil edir. Reytinqin 2-ci sırasında 10986 dollar məbləği ilə Lüksemburq qərarlaşıb. Sinqapur (9245 dollar) və ABŞ (7051 dollar) isə reytinqin 3-cü və 4-cü sıralarında yer alıb. Xoşbəxtliyin qiyməti Finlandiya və Danimarka üçün 4700 dollar, Fransa üçün isə 5119 dollar məbləğində müəyyən olunub. Onu da qeyd edək ki, İsraildə xoşbəxtliyin qiyməti ən aşağı həddə olsa da, bu ölkədə yaşayan insanların 72%-i özünü xoşbəxt hesab edir. Bu göstərici digər ölkələrlə müqayisədə, kifayət qədər yüksək bir rəqəmdir. Çünki Avropada bu rəqəm, adətən, 59%-dən yuxarı olmur.
Sevinc İbadova/Banco.az