Xocalı, Neftçala və Bakı məktəbliləri ilə “Sağlam məktəbli” layihəsi çərçivəsində görüş keçirilib | Banco.az

Xocalı, Neftçala və Bakı məktəbliləri ilə “Sağlam məktəbli” layihəsi çərçivəsində görüş keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində Bakı şəhəri və regionlarda ümumtəhsil məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir.

Növbəti görüşlər Xocalı rayonu Kosalar kənd tam orta məktəbi, Neftçala şəhər 1 saylı tam orta məktəb və Bakı şəhəri Nizami rayonu 251 saylı orta məktəbin şagirdləri ilə keçirilib. Tədbirdə şagirdlərə layihə haqqında ətraflı məlumat verilib, onlara Agentliyin hazırladığı müxtəlif maarifləndirici videoçarxlar təqdim edilib.

Daha sonra Agentliyin əməkdaşları tərəfindən məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, qablaşdırma məhsullarının qidaya təsiri, fast food-un zərərləri, süd və süd məhsullarının faydaları, energetik içkilərin ziyanları barədə ətraflı məlumat verilib, şagirdlər arasında müxtəlif intellektual oyunlar keçirilib.

Ən sərfəli kredit üçün müraciət et

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb. AQTA tərəfindən həyata keçirilən “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi haqqında ətraflı məlumat verilib və onların müsabiqəyə qatılmaları tövsiyə olunub.

Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin həyata keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin cari ilin sonunadək Bakı şəhərində 20, regionlarda isə ümumilikdə 60-dan çox məktəbdə keçirilməsi planlaşdırılır.