Xarici şirkətlə işləyən sığorta agentinin vergi öhdəlikləri | Banco.az

Xarici şirkətlə işləyən sığorta agentinin vergi öhdəlikləri

Azərbaycanda sığorta agenti kimi fəaliyyət göstərən fiziki şəxs Rusiyadakı sığorta şirkətindən iş təklifi alıb. Vətəndaş xarici sığorta şirkəti ilə agent müqaviləsi bağlayaraq göstərdiyi xidmətlərə görə komissiya haqqı ala bilər və ya həmin şirkətlə əmək və ya xidməti müqavilə bağlayaraq aylıq maaş almalıdır. Hər iki halda fiziki şəxsin hansı vergi öhdəlikləri yaranacaq?

Vergilər Nazirliyindən bildirilib ki, "Sığorta fəaliyyəti haqqında" Qanunun 82-ci maddəsinə əsasən sığortaçı ilə sığorta agenti arasında vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsi bağlanılır və bu müqavilə üzrə sığorta agentinə ödənilməli olan komisyon muzdun məbləği müəyyən edilir.

Qanunun 83.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında sığorta agenti və ya sığorta brokeri fəaliyyəti ilə məşğul olmaq üçün maliyyə bazarlarına nəzarət orqanından müvafiq lisenziya alınmalıdır. Şəxslər bu tələbə əməl etməməyə görə İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Eyni zamanda qeyri-rezident sığortaçı ilə bağlanmış agent müqaviləsinə uyğun olaraq gəlir əldə edən Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alınmalı və əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən 20 faiz dərəcə ilə vergi tutub dövlət büdcəsinə ödəməlidir.

Fərdi sahibkar mikro sahibkarlıq subyekti olduğu halda (işçi sayı 1-10 nəfər və illik dövriyyəsi 200.000 manatadək olan şəxslər) əldə etdiyi gəlirdən bu gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan gəlirin 75 faizi vergidən azad edilir. Bu isə əldə edilən mənfəətdən 5 faiz dərəcə ilə verginin ödənilməsi deməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Bunlarla yanaşı, Vergi Məcəlləsinin 125.1.3-cü maddəsinə əsasən, rezident müəssisəsinin və ya sahibkarın riskin sığortasına və ya təkrar sığortasına dair müqaviləyə uyğun olaraq sığorta ödəmələri ödəmə mənbəyində 4 faiz dərəcə ilə vergiyə cəlb edilir. Bunu əsas gətirərək tapşırıq müqaviləsinə əsasən agent tərəfindən sığorta ilə bağlı qeyri-rezident sığortaçıya ödəmələr aparılan zaman həmin ödənişlərdən ödəmə mənbəyində 4 faiz dərəcə ilə vergi tutulur.

Eyni zamanda rezident vergi ödəyicisinin gəlirinin onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarət olduğunu nəzərə alaraq Azərbaycanın vergi rezidentinin təqvim ili ərzində əldə etdiyi bütün gəliri (vergidən azad edilən gəlir istisna olmaqla) Azərbaycan Respublikasında vergiyə cəlb olunur. Sığorta agenti xarici sığorta şirkəti ilə əmək və ya xidmət müqaviləsi bağladığı halda fiziki şəxs əldə etdiyi gəlirlərdən Vergi Məcəlləsinin 101-ci maddəsinə uyğun olaraq gəlir vergisi hesablanır və hesablanmış gəlir vergisindən xarici dövlətdə ödənilmiş gəlir vergisinin məbləği çıxılmaqla qalan məbləğ dövlət büdcəsinə ödənilir. Gəlir vergisinin illik bəyannaməsi hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim olunur.

Qanunvericiliyə əsasən, Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Vergiler.az