“Xalq Əmanəti”nə sədaqətlə... | Banco.az

“Xalq Əmanəti”nə sədaqətlə...

“Xalq Bank” ASC-nin illərdir sadiq qaldığı “Xalq Əmanəti” layihəsi barəsində suallarımızı müsahibimiz “Xalq Bank” ASC-nin Reklam və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elşən Eynullayev cavablandırdı.

Elşən bəy, ilk öncə müsahibə verdiyiniz üçün dərin təşəkkürümü bildirirəm. “Xalq Əmanəti” layihəsi diqqətimi xüsusi olaraq cəlb edən bir layihədir. Artıq 6 ildən çoxdur ki, "Xalq Bank" "Xalq Əmanəti" layihəsini davam etdirir. Bilmək istərdim bu layihənin yaranma ideyası necə formalaşıb?

“Mən təşəkkür edirəm. Xalq Banka xoş gəlmisiniz. “Xalq Əmanəti” layihəsi çərçivəsində ilk nəşr 2010-cu ildə təqdim olunsa da, bu layihə üzərində işlər yeddi il əvvəl 2009-cu ilin sonundan başlamışdır. Layihə bütövlükdə “Xalq Bank”ın ideyasıdır. Layihənin yaranmasının həm subyektiv, həm obyektiv əsasları vardır. İlk növbədə bu ehtiyac ölkəmizdə formalaşmış müsbət biznes mühitinin təsiri nəticəsində yaranmışdır. Çünki artıq böyük şirkətlər ayaqda qalmaq, daha çox pul qazanmaq haqqında düşünmürlər. Müsbət biznes mühit, həmin o münbit şəraitdə mədəniyyətə, incəsənətə diqqət ayırmaq və dövlətin bu yöndə gördüyü işlərə az da olsa dəstək olmaq hər bir şirkətin mənəvi öhdəliyidir.

Layihəmiz gələcəyə qoyulmuş mənəvi sərmayədir. Həm də “Xalq Bank” olaraq adımızdan gələn məsuliyyət var və biz bu məsuliyyəti dərk edirik. Düşünürük ki, Azərbaycanın böyük banklarından biri olaraq Azərbaycan mədəniyyətinə və bu mədəniyyətin dünyada tanıdılması işlərinə öz kiçik payımızı verməliyik.”

Bu tip layihələrin qazanca deyil, mənəvi dəyərlərə söykəndiyini və bu layihə üçün çalışan insanların olduğunu yaxşı bilirik. Gördüyünüz işin pərdə arxasından söz aça bilərsinizmi? Əsərlərin, sərgilərin formalaşması üçün necə bir iş sistemi formalaşmışdır?

“Layihə mürəkkəb və ciddi mərhələlərdən keçərək ərsəyə gəlir. Layihənin ilk nəşrindən artıq qərar vermişdik ki, layihədə Azərbaycan mədəniyyətinin, söz, sənət, təsviri incəsənət və digər sahələrinin korifeylərinə yer ayıraq. Çünki vaxt ötdükcə bir çox sənətkarlarımızı gənc nəslin tanıma şansı daha da azalır.

İstənilən nəşrin, istənilən sərginin arxasında müxtəlif iş mexanizmləri və böyük insan əməyi dayanır. “Xalq Əmanəti” layihəsi üçün yaradılan komisya gələn təklifləri müzakirə edir və seçim səsvermə yolu ilə həyata keçirilir. Qərar verildikdən sonra, artıq layihənin reallaşması üçün işlərə başlanılır. Layihəyə cəlb olunan peşəkar komanda, Azərbaycanda öz sahəsinin peşəkarlarıdır.”

Bu illər ərzində artıq 13 işə imza atılıb. Düşünürəm uğurlu göstəricidir. Bilirəm ki, hər kitab hərtərəfli araşdırmalar nəticəsində meydana gəlib. Araşdırmalarınızdan və bu zaman rastlaşdığınız maraqlı nüanslardan danışmağınızı istərdim.

“Təqdim edilən 13 nəşr hər biri böyük sayda peşəkarın ortaq əməyinin nəticəsidir, hər biri böyük tədqiqatdır. Hər birinə individual olaraq yanaşılıb. Təbii ki, hər iş prosesində maraqlı xatirələr və ya nüanslar olur.

Məsələn, Xalq şairi Məmməd Arazın kitabını hazırlayarkən  onun 1968-ci ildə yazdığı “Vəsiyyət” adlı şeirində, “Qara cilddə çap eləyin kitabımı. Məndən sonra.Qara cilddə.Tünd qara.” misraları ilə rastlaşdıq və biz onun vəsiyyətini 44 il sonra reallaşdırdıq. Kitabı məhz qara cilddə nəşr etdik.

Maral Rəhmanzadə  və Vəcihə Səmədova bildiyiniz kimi, Azərbaycanın ilk peşəkar qadın rəssamlarındandılar. Onların hərəsinin özünə məxsus üslubları, fərqli yanaşmaları var və bu nöqteyi-nəzərdən bu albomlar gənc rəssamlar üçün həm də bir dərs vəsaitidir. Xalidə Səfərova və Mahmud Tağıyev yarım əsrdən çox bir emalatxananı bölüşüblər, onlar möhtəşəm tandem şəklində yaşayıb-yaratmışlar.

Mikayıl Müşfiqin şeir toplusunu hazırlayarkən, onun əsərlərində illərlə, nəşrdən-nəşrə, kitabdan-kitaba keçən bir çox səhvləri, təhrifləri Azərbaycanın müşfiqşünasları ilə müzakirə etdik və o səhvləri aradan qaldırdıq.

Məsələn Xalq rəssamı Səttar Bəhlulzadənin bədii albomunu çap edərkən, onun əvvəllər heç bir yerdə çap olunmamış gündəliklərindən hissələr çap elədik.

Azərbaycan sikkələri kitabı Azərbaycan ərazisində qədimdən bu yana zərb edilən, dövriyyədə olan bütün sikkələrin icmalı idi. Bu elmi əsər, prof. Əli Rəcəblinin bütün həyatını həsr etdiyi bir tədqiqatdır. Bu kitab bizim üçün çox əhəmiyyətli idi. Çünki qədim dövrlərdə sikkə zərb etmə hüququ artıq güclü, nüfuzlu dövlətlərə aid idi. Sikkə dövlətin iqtisadi, siyasi, hərbi qüdrətini göstərən amil idi. Sikkə o dövlətdə yaşayan insanların sənətkarlıq qabiliyyətini göstərən nümunə idi. Bu torpaqlarda çoxəsrlik dövlətçilik ənənələrinin var olduğunu sübut edən maddi dəlillər idi. Biz bu kitabı çap etdik və dünyanın böyük kitabxanalarından təşəkkür məktubları aldıq.

“Gəncə sənətkarları” kitabı  Gəncə şəhərində yaşayıb-yaratmış beş sənətkara - rəssamlar Rza Məmmədov, Xalidə Səfərova, Gennadiy Brijatyuk, Fazil Əliyev və görkəmli heykəltəraş Qorxmaz Sücəddinova həsr edildi.  Gəncədə onların həyat və yaradıcılığından bəhs edən bədii albomun təqdimat mərasimi keçirildi. Burada maraqlı nüans o idi ki, biz sərgiyə Qorxmaz Sücəddinovun əl işlərini uzaq xarici ölkələrin birindən gətirdik. Mikayıl Abdullayev, Nadir Əbdürrəhmanov, Böyükağa Mirzəzadə, Xəlil Rza Ulutürk, Hüseyn Arif – bu dahi sənətkarların hər birinin maraqlı həyatı və zəngin yaradıcılığı işimizə müsbət təsir göstərib”

Ən sərfəli kredit üçün müraciət et

Sizə görə "Xalq Əmanəti" layihəsini fərqləndirən cəhət nədir?

“Xalq Əmanəti” layihəsi ümumiyyətlə, Azərbaycanın mədəni və tarixi irsinin qorunub gələcək nəsillərə ötürülməsi məqsədini daşıyan bir layihədir. Əsas amallarımızdan biri də Azərbaycan mədəni irsinin dünyada tanıdılması, onun dünya mədəniyyət məkanına retranslyasiyasıdır.

Fərqlərə  gəldikdə isə əslində bu haqda danışmaq istəməzdim, lakin bir halda ki, sual verdiniz qısaca cavablandıra bilərəm. "Xalq Əmanəti"nin digər sosial layihələrdən fərqi, ilk növbədə onun davamlılığıdır. Artıq yeddinci ildir ki, layihə davam edir və qarşıdakı illərdə də davam edəcək.  Nəşrlərimizin tirajı ölkəmiz üçün kifayət qədər böyükdür. Ədəbi toplularımız 5000 sayda çap olunur, və biz tirajı müəyyən edərkən ən azından Azərbaycanda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin hər birinə bu kitabların çatdırılmasını düşünmüşük.

Əsərlər nəinki  məktəblərə, eyni zamanda ali təhsil müəssisələrinə, kitabxanalara, fondlara, Azərbaycanın xaricdəki səfirliklərinə, Xarici ölkələrin Azərbaycandakı səfirlik və konsulluqlarına, dünyanın ən böyük kitabxanalarına göndərilir.

Digər bir tərəfdən kitablar hədiyyəlikdir və onlar satılmır. Bir başqa fərq odur ki, nəşrlərimiz həm daxilə, həm də xaricə ünvanlanır. Kitablar 3 dildə (azərbaycan, rus, ingilis dillərində) yayımlanır.

Qeyd edim ki, rəssamların həyat və yaradıcılığına həsr olunmuş albomları nəşr edərkən, həm də “Xalq Bank”ın qalereyalarında onların əsərlərini sərgiləyirik. Bu tədbirlərimiz təkcə paytaxtda deyil, həm də bölgələrdə keçirilir. Xalq rəssamı Nadir Əbdürrəhmanovun sərgisi həm Bakıda, həm Gəncədə baş tutdu. İnsanlar bu sərgiləri ziyarət edirlər, həmdə sənətkarın albomu ilə kitab rəflərini zənginləşdirirlər.

“Xalq Əmanəti" layihəsi barəsində gələn fikirlər hansı yöndədir?

“Bilirsiniz, bizim üçün ən böyük dəyər vətəndaşların fikirləridir. Onların zəng edib Xalq Əmanətini soruşmaları, növbəti nəşrlərlə maraqlanmaları və qalereyalarımıza gələn insanların sayı hər şeyi aydın göstərir. Biz hər səhər sərgiyə gələn insanların sayına baxırıq, maraq səngimir. Sərgilər 12 ay davam etsə, 365 gün sərgiyə insanlar gəlməkdə davam edəcək. Bu işin içində olan biri kimi, insanların söylədikləri xoş fikirləri dilə gətirmək təvazökarlıqdan uzaq olardı. Amma hər halda bunu deyim ki, fikirlər, təkliflər durmadan gəlir və məncə bu layihənin uğrunun göstəricisidir.”

Layihənin sonrakı illərdə də davam etməsi planlaşdırılmı?

“Tam əminliklə deyə bilərəm ki, layihə növbəti illərdə də davam edəcək. Hazırda bir neçə nəşr üzərində işləyirik. Ad çəkə bilməyəcəm, amma qarşıdakı nəşrlər fundamental işlərdir və Azərbaycan mədəniyyətinin gündəmində böyük hadisə olacaqlar. İşlərə çoxlu sayda peşəkarlar,həmçinin bir sıra tanınmış əcnəbi mütəxəssislərdə cəlb olunub. Xalqımız olduqca istedadlı xalqdır. “Xalq Əmanəti” layihəsi çərçivəsində həyat və yaradıcılığının işıqlandırılmalı olduğu kifayət qədər istedadlı insanlar var. Düşünürəm ki, qarşıdakı illər üçün işimiz çoxdur."

Elşən bəy, gözəl müsahibə üçün təşəkkür edirəm. Yeni nəşrləri səbrsizliklə gözləyəcəyik.

“Sərgilərimizdə sizləri görmək xoş olardı. Mən təşəkkür edirəm.”

Günel Abduraxmanova / Banco.az