Xalidə Həsənova: " Həyatda rəqabət apara biləcəyimiz tək biri varsa – o da özümüzük" | Banco.az

Xalidə Həsənova: " Həyatda rəqabət apara biləcəyimiz tək biri varsa – o da özümüzük"

Xalidə Həsənova Teyfuq qızı,

Ziraat Bank Azərbaycan ASC-nin Əməliyyat Mərkəzi Departamenti direktoru

Siz xoşbəxt qadınsınız? və nə üçün?

Xoşbəxtlik kiçik sevinclərin bir araya gəlməsindən yaranan bir hissdir. Bu dünyada bizə hədiyyə olunmuş qısa ömür boyu xoşbəxt olmağa öyrənməliyik  və xoşbəxtliyimizi paylaşmağı bacarmalıyıq. Çünki təkbaşına xoşbəxtlik olmur.

Mənə gəldikdə isə, bəli, xoşbəxtəm. Niyə və nə üçün? Xoşbəxtlik maddi imkan və ya tutduğun vəzifə deyil, heç cəmiyyətdə sahib olduğun status da deyil. Məni xoşbəxt edən mənim ailəmdir.

Sizə görə uğurun sirrləri nədir? İstədiyiniz uğuru əldə etmisinizmi?

Uğur çox mistik bir anlayışdır. Ümumiyyətlə hər nəyin desəniz sirri inamdır. Sizin nəyəsə inamınız güclüdürsə,  fərqi yoxdur “uğur”, “xoşbəxtlik”, “sevgi-məhəbbət”, hətdə “sağlamlıq” həmişə sizin həyat boyu yoldaşınız olacaq.

İstədiyim uğur. Deyərdim ki, o istiqamətə doğru gedirəm, amma əminliklə deyə bilərəm ki, hələ yolun sonunda deyiləm. Ən azından belə  fikirləşmək istərdim. Qalanı  isə qismətə bağlıdır. Elə düşünə bilərsiniz ki, mən “yol” sözünə “karyera” anlamı verirəm, lakin belə deyil. Qadın üçün uğur – ilk növbədə ana olmaqdır. Analıq hissini dünyanın heç bir başqa uğuru əvəz edə bilməz. Bilirəm, bununla  bəzi oxuyucu xanımlar razı olmayacaq, çünki XXI əsrin xanımı - müasir, karyerist, kişi ilə bərabər yükünü paylaşan, təhsilini və gələcəyini düşünən bir xanımdır. Və bu xanımın planlarında “ana olmaq” bəzən yer almır. Lakin, bu günki gündə həm ana olan, həm də uğurlu karyera quran  xanımların sayı kiayət qədər çoxdur. Bizim xanımlarımız hər iki peşənin öhdəsindən müvəfəqiyyətlə gəlirlər və bu da bir daha onu sübut edir ki, bu iki mühüm vəzifə biri-birinə zidd deyil.

Sizin üçün iş həyatında vacib olan nədir?

İş həyatımda ən vacib olanlardan biri – secdiyim işə qarşı sevgi. Mən öz işimi sevirəm. Öz işimin öhdəsindən gəlmək, onu mükəmməlləşdirmək və işimlə birgə özümü mükəmməlləşdirmək iş həyatımın məqsədi sayıla bilər.

İş həyatımın ən önəmli hissələrindən biri də ətrafımda olan insanlardır.

 İlk növbətə məni indiki mən edən mənim rəhbərlərimdir. Bütün rəhbərlərim. Onların hamısına dərin təşəkkürümü bildirmək istərdim.

Ən sərfəli kredit üçün müraciət et

İkinci növbədə isə mənim iş dostlarım, mənim həmkarlarım. Bizim işimizə bizi bağlayan  ikinci ailəmiz olan  iş kollektivimizdir. Ailə üzvlərimizi necə onları da artıq elə mənimsəyirik.Həmkarlarımızla bəzən dost oluruq, bəzən isə ola bilmirik, amma onlar hamisi bizim nəyinki işimizin, hətta həyatımızın ayrılmaz parçasına çevrilir.

Bank sektoru rəqabət meydanı geniş olan sektordur, bir xanım olaraq işinizdə rəqabət sizi qorxutmur ki?

Rəqabət hissi ilə tanış deyiləm. Həyatda rəqabət apara biləcəyimiz təkcə birisi var – o da özümüzük.

"Bankir kişi" yoxsa, "Bankir qadın", hansı daha çətindir ?

Siz düşünürsüz “Bankir” olmaq çətindir?!

Heç elə düşünmürəm. İnsan olmaq çox çətin və çox azları buna nail olur.

Sualdan yayındım deyirsinizsə, onda bununla bağlı balaca bir sirr açım – qadın olmaq həmişə daha rahatdır, amma kişilərə bu haqqda deməyin. Kim onda bizim nazımızla oynayacaq?! (gülümsəyir)

İşinizə sizi cəlb edən nədir?

Bu sualı hər devalvasiyadan sonra  fərqli cavablandırardım. :)

Yüksək motivasiya üçün nə kimi məsləhətləriniz var ?

Motivasiya yaxşı bir alətdir. Maddi motivasiya ən effektiv motivasiya olaraq qiymətləndirilə bilər, ancaq elə deyil. Mənim üçün ən yüksək motivasiya – mənəvi dəyərdir. Qeyd edim ki, dediyim təkçə iş həyatımız üçün deyil hər anda, hər addımda, hər dar və şad gündə bizə gərəklidir. Elə buna görə də, sizə dəyər verən insanlara  Siz də mütləq dəyər verin. Dəyər verməyən insanlar üçün həyatınızda yer olsa da, gəlbinizdə yer olmasın. 

Sonda xanımlarımızaa nə məsləhət görərdiniz?

Məndən yaxşı məsləhətçi çıxar mı? Baxaq. Heç vaxt keçmişə görə heyifslənməyin. Həyatınızda və  xatirələrinizdə ancaq xoş anları qoruyub saxlayın. O anları gələcəyinizə daşıyaraq həyatınıza məna qatmış olacaqsınız.

Və sonda ən tez-tez səslənən amma ən önəmli olan bir məsləhətim- sevin və sevimli olun. Həyat sevmək üçün bizə hədiyyə edilib.

Ən sərfəli krediti almaq üçün müraciət et