Müəllif:Ayşən İmanova/Banco.az
İlon Maska məxsus, əvvəllər “Twitter” kimi tanınan “X” sosial şəbəkəsi yeni istifadəçilərin qeydiyyatı üçün ödəniş tətbiq edir.
Banco.az xəbər verir ki, bu barədə “Fortune” mənbələrə istinadən məlumat yayıb.
“X”də qeydiyyat hələ ki pulsuzdur, lakin medianın məlumatına görə, bu, yaxın aylarda dəyişə bilər. Bildirilir ki, sosial şəbəkə hər yeni istifadəçidən hesab yaratmaq üçün 8 dollar tələb etmək niyyətindədir. Yeniliyin 2025-ci ilin fevralında bütün dünyada tətbiq ediləcəyi gözlənilir.
Məlumata görə, qeydiyyat üçün ödəniş etməyən istifadəçi post yaza və ya başqalarına şərh bildirə bilməyəcək - onun üçün yalnız oxu rejimi əlçatan olacaq. Ödənişli qeydiyyat üçün bonus olaraq istifadəçilərə ayrıca 8 dollara başa gələn aylıq “X Premium” abunəsi veriləcək.
Qeyd olunur ki, “X” bu addımı saxta hesablar və botlarla mübarizə üçün atıb. Bundan əlavə, İlon Mask lentdə nümayiş olunan yazıların dərc olunma tarixi və vaxtını gizlətməyi planlaşdırır. Onun fikrincə, bu, sosial şəbəkə interfeysini təkmilləşdirəcək və təmizləyəcək.