Müəllif: Gülbəniz Hüseynli/Banco.az
Noyabrın 26-da OPEC-ə üzv ölkələrin toplantısı keçiriləcək. Alyansın son görüşü iyunun 3-4-də baş tutub. Bundan sonra OPEC+ 2024-cü ildən neft hasilatını azaltmağa qərar verib.
Hasilat ilə bağlı növbəti qərarın hansı formada olacağı ilə bağlı Banco.az-a açıqlama verən neft sahəsi üzrə tanınmış ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban dedi ki, bu barədə daha dəqiq bir həftə sonra keçirilməsi planlaşdırılan iclasın nəticələri açıqlandıqdan sonra bilmək olacaq:
“OPEC ölkələri bu ilin sonuna qədər hasilatın artırılmaması ilə bağlı qərar qəbul etmişdilər. Avqust ayında keçirilən iclasda iki ölkə - OPEC-in birinci skripkası Səudiyyə Ərəbistanı və OPEK+un aparıcı oyunçusu Rusiya Federasiyası sentyabr ayından hasilatın azaldılması ilə bağlı könüllü qərar qəbul etmişdilər.
Oktyabr ayında Fələstin-İsrail müharibəsi başlayandan sonra bazarlarda neft qiymətlərində kəskin bahalaşma müşahidə etmədik. Bundan sonrakı vəziyyətlə bağlı “Bloomberg” və “Reuters” agentliyi hasilat mənbələrinə istinadən yazır ki, OPEC-in qərarı indiki hasilat səviyyəsinin saxlanılması olacaq. Öz növbəsində, Səudiyyə Ərəbistanı 2024-cü ilin mart ayının 31-ə qədər könüllü şəkildə hasilatın azaldılması ilə bağlı qərar verməyi planlaşdırır.
Digər tərəfdən Amerikada investisiya bankları xəbər verirlər ki, hal-hazırkı qiymət OPEC+ çərçivəsində bir araya gəlmiş 23 ölkə üçün komfortlu bir qiymət sayılır. Qarşıdan gələn il üçün atılan addımlar qiymətin məhz 80 dollar dəhlizində saxlamağa yönələcək”.
Ekspert qeyd etdi ki, son bir il ərzində neftin qiymətlərinin dəyişdirilməsi ilə bağlı bazarda ciddi hadisə baş verməyib:
“İyun ayında OPEC+ ölkələri qərar verən zaman, neft 75 dollar ətrafında ticarət edilirdi. Hal-hazırda bu gün 81 dollar ətrafında ticarət edilir. Ümumilikdə, ilin əvvəlindən Brent markalı neftin orta qiyməti 85 dollardan aşağı olub. Yəni ilin əvvəlində minimum satış qiyməti 72 dollar, maksimum qiymət isə 95,8 dollar olub. Hazırda neftin orta qiyməti 85 dollardır, 2022-ci ildə isə neft 103 dollar ətrafında ticarət edirdi.
Beynəlxalq vəziyyətin gərgin olmasına baxmayaraq, dünyada iqtisadi vəziyyətlə bağlı diametral fərqlənən hadisələr baş versə də, istənilən halda neftin qiyməti aşağı düşür. Gələn ilin proqnozlarına görə, 2024-cü ildə neftin orta qiyməti cari illə müqayisədə azalsa da, ancaq 80 dollardan yuxarı olmalıdır. Qeyd edim ki, bu sahədə təlatümlü vəziyyət yaşamağa səbəb yoxdur. Hesab edirəm ki, OPEC noyabrın 26-da keçirdiyi iclasda mövcud vəziyyəti saxlamağa yönələn qərar qəbul edəcək”,- deyə ekspert vurğulayıb.
Qeyd edək ki, oktyabrda OPEC+ ölkələri neft hasilatını sentyabr ayı ilə müqayisədə gündəlik 70 min barel artıraraq sutkada 36,51 milyon barelə çatdırıblar.
Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında deyilir ki, kvotalardan geri qalma gündəlik olaraq 0,4 milyon barel təşkil edib.
Alyansa üzv olan 19 ölkədə hasilat həcmi sutkada 36,51 milyon barel təşkil edib. Eyni zamanda, kvotalar çərçivəsində hasilatın hədəf səviyyəsi 36,92 milyon barel təşkil edir. Təkcə OPEC-də hasilat oktyabr ayında dəyişməyərək sutkada 28,21 milyon barel təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!