Vüqar Bayramov: ”Hər bir işçinin inkişafı komandanın inkişafı deməkdir.” | Banco.az

Vüqar Bayramov: ”Hər bir işçinin inkişafı komandanın inkişafı deməkdir.”

“Bilik və bacarıqdan əlavə işləmək həvəsi iş müddətində əməkdaşı müəssisəyə faydalı edən əsas xüsusiyyətlərdəndir. Biz işçini hansısa vəzifədə oturması üçün işə götürmürük. Bundan başqa insanın niyyəti Bankın inkişaf fəlsəfəsi ilə uyğunlaşmalıdır. Azər Türk Bank-ın məqsədi belə insanları öz komandasına cəlb etməkdir.”

Bu sözləri bizimlə söhbətində Azər Türk  Bank-ın İnsan Resursları (İR) Departamentinin direktoru Vüqar Bayramov söylədi. Müsahibim 10 ildən artıqdır ki, insan resursları sahəsində fəaliyyət göstərir və bu günə kimi müxtəlif banklarda rəhbər vəzifələrdə çalışıb. Qeyd edim ki, V.Bayramov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və menecment fakültəsində Menecment ixtisası üzrə təhsil alıb. Daha sonra təhsilini Moskva Dövlət Universitetində MBA istiqamətində davam etdirib.

- Necə oldu ki, bank sektorunda işləməyə qərar verdiniz?

- Universiteti bitirəndən sonra hərbi xidmətə yollandım. Xidmətdən qayıtdıqdan sonra müxtəlif iş yerlərinə müraciət etdim. O dövrdə bu sahə daha çox diqqətimi çəkdi. İşə götürülən zaman mənim İR üzrə təcrübəm yox idi. Lakin mənə güvəndilər və işi mənə etibar etdilər. Ötən on il ərzində maliyyə-kredit təşkilatlarında insan resurslarının müxtəlif sahələrində - kadrlar sahəsi üzrə sənədləşmə, tədris, işə qəbul, motivasiya və ödənişlər sahələrində çalışmışam. İR  özlüyündə bir neçə sektora bölünür. Bu sahələrin demək olar ki, hamısında işləmək şansım olub. 

- Bəs Azər Türk Banka gəlişiniz necə oldu?

- Səmimi desəm, bu Bankda gedən inkişaf prosesləri əslində mənim özümə də maraqlı gəlirdi. Çünki Bank İR sahəsində öz qarşısına yeni hədəflər qoymuşdu. Burada İR sahəsi üzrə baş verən proseslər və inkişaf hədəfləri barədə bank rəhbərliyi ilə fikir mübadiləsindən sonra qərara gəldim ki, fəaliyyətimi Azər Türk Bank-da davam etdirim. Belə bir qərarın qəbul edilməsi üçün Azər Türk Bank-da proseslərə yeni yanaşma, inkişaf istiqamətli struktur dəyişikliyi də böyük rol oynadı. Mənim üçün indiyə qədər topladığım təcrübənin müstəqil şəkildə tətbiqi üçün imkan yaranmışdı. Belə demək olarsa, bizim əməkdaşlığımız qarşılıqlı maraq əsasında quruldu. Düzünü desəm, buraya gəldikdən sonra gözləntilərimdən də üstün məqamlarla rastlaşdım və seçimimdə yanılmadığımın fərqinə vardım.

- Uzun müddətdir ki, İR mütəxəssisi olaraq fəaliyyət göstərirsiniz. Bu illər ərzində sözügedən sahədə hansı dəyişikliklər baş verib?

- Çalışdığım on il müddət ərzində Azərbaycanda İR sahə olaraq böyük inkişaf yolu keçib. Əvvəllər İR sənədləşmə və adminstrativ iş kimi qəbul edilirdi. Müddət keçdikcə İnsan resursları strukturundan işə cəlbetmə prosesi üzrə keyfiyyətin artırılması, işçilərin mütəmadi olaraq motivasiya alətləri ilə stimullaşdırılması, personalın bilik və bacarıqlarının hər zaman yüksək səviyyədə saxlanılması tələb olunmağa başladı, bununla da inkişaf müxtəlif istiqamətlərə şaxələndi. Hazırda insan resursları sahəsi əksər müəssisələrin idarəetmə fəaliyyətinin dərinlərinə sirayət edib. Bu günün reallığı isə İR-dan biznesi daha yaxşı anlamağı, biznes hədəfli layihələrdə hökmən iştirak və bəzən idarə etməyi, insanlarla bağlı biznes prosesləri optimallaşdırmağı tələb edir.

- Departament rəhbəri olaraq sizə iş üçün müraciət edən namizədlərdə hansı keyfiyyətlərə üstünlük verirsiniz?

- Tərəfimizdən vakansiya barədə elan verildikdə  çox sayda müraciətlər daxil olur. Qeyd edim ki, Azər-Türk Bank- ın bazarda mövqeyi kifayət qədər möhkəm olduğuna görə məzunların da iş üçün müraciət etdiyi yerlərdən biri məhz buradır.

İR-nin müvafiq əməkdaşı tələblərə uyğun olaraq müraciətləri təhlil edir və ilkin parametrlərə görə uyğun namizədləri dəvət edir. Önəmli keyfiyyətlərə gəlincə isə, təhsil,  dünya görüşü, işləmək həvəsi bizim üçün ilk pillədə qərarlaşır. Şəxsi görüşlər zamanı işləmək həvəsinə xüsusi diqqət yetiririk. Düşünürəm ki, bilik və bacarıqdan əlavə işləmək həvəsi iş müddətində əməkdaşı müəssisəyə faydalı edən əsas xüsusiyyətlərdəndir. Biz işçini hansısa vəzifədə oturması üçün işə götürmürük. Bundan başqa insanın niyyəti Bankın müştəri xidmətləri və inkişaf fəlsəfəsi ilə uyğunlaşmalıdır.  Azər Türk Bank-ın ən böyük məqsədi belə insanları öz komandasına cəlb etməkdir.

- Rəhbər vəzifəyə gəlib çıxmaq heç də asan deyil. Bunun üçün nə etmək lazımdır?

- Önəmli olan işçinin çalışdığı  müddət ərzində özünü daim inkişaf etdirməyidir. Məhz bu, işçini komandaya qoşulduqdan sonra fərdi və peşəkar inkişaf nəticəsində yüksək nəticələrə gətirir. Məntiqi ardıcıllıq isə yüksək nəticələr göstərən kadrların vəzifə artımına yol açır. Hədəflərimizdən biri də yüksək vəzifələri daxili kadrlarımız  hesabına təmin etməkdir. Bu bizim kadr siyasətimizin bir hissəsidir. Digər tərəfdən işçilərin bilik, bacarıqlarının artırılması və rifahı üzərində planlı tədbirlər həyata keçirilir. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, bizim əməkdaşlarımız çox nadir hallarda öz işindən imtina edir, əsasən bankın daxilində inkişaf yoluna üstünlük verirlər. İndiki dövrdə peşəkar kadr axını ən böyük problemlərdən biridir. Mən burada çalışdığım müddətdə gördüklərim və statistik göstəricilər onu deməyə əsas verir ki, buradan getmək istəyənlərin sayı çox cüzidir. Bu da bankın öz qarşısına qoyduğu əsas hədəflərdən biridir. 

Ən sərfəli kredit üçün müraciət et

-Bəzi hallarda İR mütəxəssisləri ön mühakimənin təsiri altına düşüb yanlış qərarlar verə bilir. Sizdə necə, belə bir hal olubmu?

- Məncə, bu, peşəkar təcrübədən asılı olan bir amildir. Təcrübə azlığı bəzən səhvlərə yol aça bilər. Düzdür, bəlli stereotiplər də var, amma insan peşəkar olaraq formalaşdıqdan sonra belə hallarda nə edə biləcəyini bilir. Namizədlər müsahibə zamanı özünün bacarıqlarını qabartmağa, zəif olduqları məqamlar üzərindən səthi keçməyə çalışırlar. Seçim zamanı bunu görməmək mümkün deyil. Bəzən elə olur ki, iki uyğun namizəd arasında seçim etməli oluruq. Xoşbəxtlikdən əksər hallarda seçim etdiyimiz həmin namizədlər sonradan hətta rəhbər vəzifəyə qədər yüksələ bilib.

- İşçi müəssisənin inkişafında hansı rol oynayır?

- İşçinin fəaliyyəti müəssisənin ümumi inkişafında danılmazdır. Çünki müəssisənin bir neçə hərəkətverici qüvvələrindən biri də  insan kapitalıdır. Hər hansı bir bank, şirkət, dövlət qurumu insanların birgə səyi nəticəsində fəaliyyət göstərir. Hər bir işçinin inkişafı komandanın inkişafı deməkdir. Bu istiqamətdə Azər Türk Bank komandası olaraq əməkdaşlarımızın daimi inkişafı üzərində çalışırıq. Burada söhbət müxtəlif istiqamətli inkişaf və tədris proqramlarından gedir. Eyni zamanda əmək bazarından təcrübəsiz olaraq qəbul edilən namizədlərin müvafiq sahəni mənimsəməsi üçün təlim-tədris proqramlarımız mövcuddur. Öz daxili proqramımız çərçivəsində Banka yararlı kadrlar hazırlayaraq vəzifələrə təyin edirik. Bundan başqa, könüllülər proqramını da qeyd etmək istərdim.

- Necə düşünürsünüz, rəhbər-işçi münasibəti hansı səviyyədə qurulmalı və necə tənzimlənməlidir?

-  Əlbəttə ki, rəhbərlə işçi arasında müəyyən subordinasiya qaydaları olmalıdır. Çünki bu olmadıqda bütün körpülər qırıla bilər. Həddindən artıq səmimiyyət müəyyən məsələlərdə işin gedişinə mənfi təsir göstərə bilər. Bununla yanaşı, rəhbərlə işçi arasında həddən artıq rəsmi münasibətin də tərəfdarı deyiləm. Rəhbər daima işçiyə açıq olmalıdır. İşçi öz təşəbbüslərini, problemlərini dilə gətirməkdən çəkinməməlidir. Rəhbər özü də işçiyə qarşı diqqətli və məsuliyyətli olmalıdır. Biz günümüzün böyük hissəsini işdə keçiririk. Ona görə də bir komanda olaraq bir-birimizə dəstək olmalıyıq. Xüsusilə də eyni strukturda çalışan əməkdaşlar daha mehriban olmalıdırlar. Azər Türk Bankda olduğum qısa müddət ərzində mən bu tendensiyanın şahidi oldum. Rəhbər-işçi münasibətləri burada səmimi müstəvidə qurulub. Amma yenə də qeyd edirəm ki, müəyyən sərhədlər var ki, onu keçmək olmaz.

- Departament rəhbəri olaraq  növbəti dövrlər üçün hədəfləriniz nələrdir?

- Qarşıya qoyduğumuz müəyyən strateji və inkişaf proqramı var ki, departament olaraq hədəflərimiz məhz bu istiqamətdədir. Digər tərəfdən insan resursları üzrə proseslərin optimallaşdırılması istiqamətində daha çox işlər görmək niyətindəyik..

- İşinizin çox olduğu aydın məsələdir. Bəs bu, sosial həyatınıza mane olurmu?

- İş şəxsi həyatımıza fiziki və mənəvi baxımından kifayət qədər ciddi təsir edir. Çalışıram işi evə aparmayım. Düşünürəm ki, məhsuldar fəaliyyət göstərmək üçün istirahət çox önəmlidir. Əlbəttə bəzi hallarda işdən sonra da qeyri ixtiyari iş haqqında düşünürük.  Əksər həmkarlarım kimi mən də mütaliə etməyə üstünlük verirəm. Seçimim çox vaxt peşəkar ədəbiyyat olur.

- Bəs istirahətə necə, vaxtınız qalırmı?

 - Vaxt tapdıqca təbiət qoynunda oluram, idmanla məşğul olmağa çalışıram. Axşam gəzintilərini xüsusilə sevirəm. Mümkün qədər ailəmlə, dostlarımla vaxt keçirməyə çalışıram. Həmçinin, səyahət etməyi də sevirəm. Son bir neçə ildə daha çox qonşu ölkələrə səyahət etməyə imkanım olub.

- Hazırda bank sektorunda çalışmaq maliyyə təhsilli gənclərin ən böyük arzuları sırasındadır. Onlara nə tövsiyə edərdiniz?

- Fərqi yoxdur, istər bank, istərsə də digər sahələrdə çalışmaq istəyən gənclərə tövsiyəm odur ki, öz üzərlərində çox çalışsınlar. Namizədliyini irəli sürən gənclər müsahibədən uğurla keçə bilmədikdə, bu hadisəni təhlil edib, zəif olduğu sahələr üzrə çalışması önəmlidir. İlk növbədə insan gərək, “nəyə görə məni seçməlidirlər, yaxud məni başqalarından hansı xüsusiyyətim fərqləndirir?” – sualını özünə versin. İnsanın özünü səmimi olaraq təhlil etməsi və zəif cəhətlərini üzə çıxarması çox vacibdir. İnanıram ki, özünü inkişaf etdirən insanlar əvvəl-axır bunun bəhrəsini görürlər. Çünki işlə təmin olunmaq sonuncu mərhələ deyil. Bu hələ başlanğıcdır. Növbəti mərhələdə həmin iş yerinə faydalı olmaq, çalışmaq və inkişaf etmək lazımdır. Yalnız bu halda uğur qazanmaq olar. 

 

Şəbnəm Mehdizadə, banco.az