Müəllif:Ayşən İmanova/Banco.az
Alman avtomobil istehsalçısı “Volkswagen” (VW) qənaət proqramı çərçivəsində xüsusilə uzun iş təcrübəsi olan işçilərə mükafatların ödənilməsini ləğv etməyi planlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə "Bild" qəzeti avtomobil nəhənginin işçi şurasına istinadən məlumat yayıb.
İşçilər ilə bağlanmış müqaviləyə əsasən, onlar “Volkswagen”də 25 il işlədiyinə görə 1,45 aylıq əmək haqqı, 35 il üçün isə 2,9 aylıq əmək haqqı məbləğində mükafat almaq hüququna malikdirlər.
Avtomobil nəhənginin işçi şurasının məlumatına görə, yubileyinə iki və ya daha az il qalanları nəzərə alsaq, bu ödənişlərin ləğvi on mindən çox işçiyə təsir edə bilər.
“Volkswagen” işçi şurasının rəhbəri Daniela Kavallo daha əvvəl bildirmişdi ki, konsern Almaniyada qənaət tədbirlərinin bir hissəsi olaraq ən azı üç fabrikini bağlamaq və bununla da on minlərlə iş yerini ixtisar etmək niyyətindədir.
Qeyd edək ki, Almaniyada şirkətin on fabrikində 120 minə yaxın işçi çalışır.