Müəllif:Mehin Qasımova,Banco.az
Almaniyanın avtomobil istehsalçısı "Volkswagen" xərclərin azaldılması və yenidənqurma proqramı çərçivəsində model çeşidini təxminən 50% azaltmağı planlaşdırır.
Banco.az xəbər verir ki, şirkət daha yüksək gəlir gətirən bazar seqmentlərinə fokuslanmaq məqsədilə avtomobillərin komplektasiya variantlarının sayını da 75% azaltmağı hədəfləyir.
Volkswagen-in açıqlamasına əsasən, dəyişən qlobal bazar şərtləri və artan rəqabət nəzərə alınaraq, konsernin illik istehsal gücü 9 milyon avtomobilə endiriləcək.
Şirkət bildirib ki, bu addımlar Volkswagen-i daha dayanıqlı, səmərəli və rəqabətqabiliyyətli etmək məqsədi daşıyan geniş transformasiya planının növbəti mərhələsidir.
Qeyd edək ki, Volkswagen-in Direktorlar Şurası xərclərin optimallaşdırılması və yenidənqurma ilə bağlı 12 təşəbbüsdən ibarət paketi Müşahidə Şurasına təqdim edib. Paket şirkətin böhrandan çıxışı və uzunmüddətli inkişaf strategiyasını əhatə edir.
Bundan əvvəl Almaniya mətbuatında "Volkswagen" rəhbərliyinin 2034-cü ilədək Almaniyada 120 min iş yerini ixtisar etməyi və dörd zavodu bağlamağı nəzərdən keçirdiyi barədə məlumatlar yayılmışdı. Şirkət isə bu planlarla bağlı hələlik rəsmi açıqlama verməyib.
