“Vəzifə sahibləri 3-5 ildən sonra mütləq dəyişilməlidir”- Ekspert | Banco.az

“Vəzifə sahibləri 3-5 ildən sonra mütləq dəyişilməlidir”- Ekspert

Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Çoxları vəzifə pilləkənləri üzrə yalnız yuxarı qalxmağı əsl uğurlu karyera əlaməti hesab edirlər. Belə olduqda vəzifə yüksəlişi üçün ən uyğun ağıla gələn birbaşa rəhbərin vəzifəsi və ya müəssisə daxilində oxşar dərəcəli digər vəzifələrdir”. 

Banco.az xəbər verir ki, bunu idarəetmə üzrə tanınmış təlimçi Şahin Qədimli deyib. Mütəxəssis bildirib ki, sürətlə böyüyən təşkilatlarda yeni xətti və orta səviyyə rəhbər vəzifələri tez-tez yaranır və yaxşı işləyəndə daxili vəzifə yüksəlişi şansı kifayət qədər yüksək olur. 

Şahin Qədimli düşünür ki,  belə böyümə, adətən, 2-3 ildən çox davam etmir və belə təşkilatların sayı məhduddur:

“Əksər hallarda eyni təşkilat daxilində vəzifə yüksəlişi hədəfləyənlər mövcud vəzifələrə fokuslanmağa məcbur qalırlar. Həmin vəzifələr isə nadirən vakant olmağa başlayır. Məndən tez-tez soruşurlar ki, rəhbər eyni vəzifədə nə qədər effektiv ola bilər, illərlə oturub və tərpənmək niyyəti də yoxdur? Bu suala birmənalı cavab yoxdur. Orta statistik adamlar müəyyən dövrdən sonra motivasiyalarını itirir və az məhsuldar olmağa başlayırlar. Lakin elələri də var ki, elə əvvəldən də çox da işə can yandırmırdılar. Müsbət istisnalar da az deyil, şəxs eyni vəzifədə 10 ildən sonra da inkişaf barədə düşünür və ciddi fayda gətirməyə davam edir. Ona görə “3-5 ildən sonra vəzifə sahibi mütləq qeyri-effektiv olaraq dəyişilməlidir” yanaşmasının tərəfdarı deyiləm, məsələyə fərdi baxmaq daha doğrudur”.
Şahin Qədimli onu qeyd edib ki,  rəhbərin effektivliyi onun vəzifədə saxlanılması üçün yeganə meyar deyil:
“Üst rəhbərlər üçün onlara tabe olan rəhbərlərin bəzən loyallığı, yaxşı kommunikasiya bacarıqları, çox və ya əksinə az ambisiyalı olmaları və sair məqamlar əhəmiyyətlidir.
Statistik araşdırmalar göstərir ki, kənar müəssisədə daha yüksək vəzifə əldə etmək daha asandır, nəinki bir təşkilatın daxilində. Ona görə müəssisədə vəzifə yüksəlişi baxımından az perspektiv görürüksə, xoşbəxtlik ardınca səfərə başlamaq və mövcud pis-yaxşı olan komfort zonamızdan çıxmaqdan qorxmaq lazım deyil”.

Ən sərfəli kredit üçün müraciət et