Vergiyə artıq ödəmələrin həcmi azalıb: 500 milyon manat | Banco.az

Vergiyə artıq ödəmələrin həcmi azalıb: 500 milyon manat

Ötən illərin sahibkarlar üçün problem yaradan təcrübələrindən biri də növbəti illərə aid vergilərin əvvəlcədən toplanması halları olub. 2018-ci ildə bu problemin həllinə başlanılıb və artıq ödəmələrin məbləği yarım milyard manata qədər azaldılıb.

Vergilər nazirinin müşaviri Xəqani Abdullayevin sözlərinə görə, növbəti illərin vergiləri hesabına cari ildə vergilərin yığılması müəyyən problemlərin yaranmasına gətirib çıxarırdı:

“2018-ci ildə artıq ödəmələrin həcmi 20 faiz – 500 milyon manat azaldılıb”.

O, vergi orqanları tərəfindən sahibkarların bank və depozit hesablarından vəsaitlərin silinməsi proseduruna bu ildən yenilik edildiyini bildirib:

“Məhkəmə qərarını gözləmədən vəsaitin silinməsi səlahiyyəti vergi orqanlarından alınıb. 2019-cu il yanvarın 1-dən inzibati şikayət verilən zaman sahibkarların bank hesabından və ƏDV depozit hesabından vəsaitlərin silinməsi təcrübəsi dayandırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Əvvəllər vergi orqanları məhkəmə qərarlarını gözləmədən borca görə sahibkarın hesablarındakı vəsaitləri borclara yönəltmək səlahiyyətinə malik idi. Artıq bu məsələ aradan qaldırılıb və sahibkarların bununla bağlı haqlı narazılıqları aradan götürülüb”.

X.Abdullayev qeyd edib ki, “kölgə iqtisadiyyatı”na yol açan amillərdən biri də əməkhaqqı və sosial sığorta yükünün yüksək olması idi. Vergi Məcəlləsinə edilmiş son dəyişiklik və əlavələrdə diqqət mərkəzində saxlanılan məsələlərdən biri də budur:

“Əminik ki, bu islahatın tətbiqi iş yerlərinin və əməkhaqqının leqallaşdırılmasını təmin edəcək. Bunda, ilk növbədə, işçilərin özləri maraqlıdır. Çünki əmək bazarında qeyri-rəsmi çalışan və ya əməkhaqqı tam rəsmiləşdirilməyən işçilər bir qayda olaraq sosial sığorta və pensiya sistemindən kənarda qalır, onların gələcək pensiya hüquqları pozulmuş olur. Əminik ki, həyata keçirilən vergi islahatları nəticəsində özəl sektorda çalışan yüz minlərlə işçinin pensiya hüquqları bərpa olunacaq”.

Oxu.az