2019-cu ilin 1-ci rübündə dövlət büdcəsinə Vergilər Nazirliyi tərəfindən 1 milyard 672,9 milyon manat vergi səfərbər edilib, proqnoza 110,4% əməl olunub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,5% və ya 236,4 milyon manat çox vəsait toplanıb. Bu, Vergilər Nazirliyinin yaydığı məlumatda deyilir.
Məlumatda qeyd edilib ki, ödənilən vergilərin 30,9%-i neft-qaz sektorunun, 69,1%-i qeyri-neft-qaz sektorunun payına düşüb. Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının artımı 18,3% təşkil edib.
Vergi daxilolmalarında qeyri-dövlət sektorunun xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6% artaraq 76,5%-ə çatıb. Qeyri-neft-qaz sektorunun özəl bölməsındən vergi ödəmələri 20,6% artıb, onun qeyri-neft vergilərində xüsusi çəkisi 76,7%-ə, cəmi vergi daxilolmalarında xüsusi çəkisi 53%-ə yüksəlib.
2019-cu ilin 1-ci rübündə regionlardan vergi daxilolmaları artaraq 168,4 milyon manat təşkil etməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,3% çox olub. Bu zaman mərkəzləşdirilmiş daxilolmalar nəzərə alınmadan, regionların daxili potensialı üzrə daxilolmaların həcmi daha böyük həcmdə 40,4% artıb. Regionlardan daxilolmaların cəmi vergi daxilolmalarında xüsusi çəkisi isə 10,1%-ə yüksəlib.
2019-cu ilin əvvəlindən məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə daxilolmaların yığılması Vergilər Nazirliyinin funksiyalarına aid edilib. Cari ilin 1-ci rübünün yekunlarına görə, məcburi dövlət sosial sığortası üzrə daxilolmalar 582,1 milyon manat olmaqla 110,8%, işsizlikdən sığorta üzrə daxilolmaların məbləği 22,8 milyon manat olmaqla 117,3% icra olunub.
2019-cu ilin I rübündə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı 25.536 (3.270 hüquqi şəxs, 22.266 fiziki şəxs) olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 25,5% çoxdur. Qeydiyyatdan keçmiş vergi ödəyicilərinin 52,2%-i regionların payına düşüb.
Hesabat dövründə 11.232 təsərrüfat subyekti (obyektinin) qeydiyyatdan keçib ki, bu da ötən ilin müvafiq dövrün nisbətən 73,2% çox olub. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 4.033 olub ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 4,8 dəfə çoxdur.
2019-cu ilin 1-ci rübündə vergidən yayınma hallarına son qoyulması, “kölgə” iqtisadiyyatının aradan qaldırılması, şəffaflığın təmin edilməsi, vergi ödəyicilərində uçotun düzgün aparılması və vergilərin tam şəkildə dövlət büdcəsinə ödənilməsi istiqamətində nəzarət tədbirləri davam etdirilib, aksizli malların dövriyyəsinə vergi nəzarəti gücləndirilib. 2019-cu ilin 1-ci rübünün yekunlarına görə, aksizli malların istehsalına və dövriyyələrinə nəzarətin artırılması hesabına alkoqollu içkilərin istehsalında dövriyyə 1,7 dəfə, tütün məmulatlarının istehsalında isə dövriyyə 7,4 dəfə artıb.
2019-cu ilin 1-ci rübündə vergi ödəməkdən yayınma faktları üzrə istintaq olunan cinayət işləri üzrə vurulmuş ziyandan 7,4 milyon manat məbləğin ödətdirilməsi təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur.
Vergilər Nazirliyi vergi nəzarətinin səmərəliliyinin artırıması məqsədilə vergidən yayınma hallarının müasir informasiya texnologiyaları vasitəsilə aşkar etməklə onların elektron qaydada idarə olunması, səyyar vergi yoxlamalarının risk meyarları əsasında təyin edilməsi, mövcud risklərin alqoritmlərlə daha dəqiq qiymətləndirilməsi və vergi potensialının effektiv dəyərləndirilməsini təmin edir.
2019-cu ilin 1-ci rübündə açılmış yoxlamaların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 86,9%, başa çatdırılmış yoxlamaların sayı isə 75,2% azalsa da, yoxlamalarla hesablanmış əlavə vəsaitin məbləği cəmi 3,7% azalıb. Bir yoxlamaya düşən dövriyyənin məbləği isə əvvəlki dövrlə müqayisədə 47.7% artıb.
2019-cu ilin 1-ci rübündə vergi borcu 14 milyon 624,0 min manat olan 1.858 sayda vergi ödəyicisi və vəzifəli şəxslərin məhkəmə qərarı əsasında ölkədən getmə hüququ məhdudlaşdırlıb ki, bunun nəticəsində də borcun 50%-dən çoxu dövlət büdcəsinə ödənilib.
Cari ilin I rübü ərzində 21.874 sayda təqdim edilməmiş bəyannamələrin alınması təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 74,9% artım deməkdir. Borclu vergi ödəyicilərinin 95%-dən çoxu inzibati tədbirlər həyata keçirilmədən, məhz vergi orqanları tərəfindən aparılmış məlumatlandırma tədbirləri nəticəsində könüllü şəkildə ödəniş edib.
Marja