Vergilər Nazirliyi cərimələri açıqladı - MƏBLƏĞLƏR | Banco.az

Vergilər Nazirliyi cərimələri açıqladı - MƏBLƏĞLƏR

Vergilər Nazirliyi qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması və bu sahədə işlərin koordinasiyalı təşkili məqsədilə aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq edir.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən bildirilib ki, “ASAN xidmət”lə birgə əməkdaşlığa əsasən, həmin qurumun nəzdində fəaliyyət göstərən Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi əmək müqaviləsi olmadan vətəndaşları iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edən şəxslər barədə məlumatları Vergilər Nazirliyinə təqdim edir.

Tikinti sahəsində işçilərin uçotunun aparılması məqsədilə tikinti obyektlərində real vaxt rejimində işləyən müşahidə kameraları quraşdırılıb. Kameralar vasitəsilə tikinti meydançalarında çalışan insanların əmək müqaviləsi, statistikası və digər zəruri məlumatlar müəyyən ediləcək. Həmin informasiyalar “ASAN xidmət”in Monitorinq Mərkəzinə inteqrasiya olunub.

Həmçinin Vergilər Nazirliyi 2018-ci ildə vergiödəyiciləri və sahibkarlarla birlikdə rəsmi məşğulluğun təmin edilməsi sahəsində faydalı müzakirələr apararaq qeyri-leqal fəaliyyətdən leqal fəaliyyətə keçid üçün yeni səmərəli mexanizmlərin hazırlanması və tətbiqini planlaşdırır.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan üç min manatadək, vəzifəli şəxslər üç min manatdan beş min manatadək, hüquqi şəxslər 20000 manatdan 25000 manatadək miqdarda cərimə edilir.

Ən sərfəli kredit üçün müraciət et

Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə, üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

FED.az