Vergi Xidmətindən sahibkarların cərimələrinin silinməsi barədə açıqlama | Banco.az

Vergi Xidmətindən sahibkarların cərimələrinin silinməsi barədə açıqlama

Qarabağda Ermənistanın təxribatları ilə başlanan hərbi əməliyyatlar nəticəsində çoxsaylı sahibkarlıq obyektlərinə də ciddi zərər dəyir.

Vergi ödəyicilərinə məxsus bir sıra təsərrüfat obyektləri ziyan çəkir, sahibkarların əmlakına külli miqdarda zərər vurulur, onların sahibkarlıq fəaliyyəti tamamilə dayanır və ya ciddi maliyyə itkiləri ilə üzləşirlər.

Sahibkarlıq subyektlərinə dəymiş maddi zərərin təsirinin azaldılması, sahibkarlıq fəaliyyətinin davamlılığının təmin edilməsi məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bu vergi ödəyiciləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan qərarlar tam şəkildə ləğv edilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquq Baş İdarəsinin rəis müavini Anar Rzayevin sözlərinə görə, Dövlət Vergi Xidməti tərəfindən “İnzibati icraat haqqında” Qanun, Vergi Məcəlləsi və digər normativ hüquqi aktlar nəzərə alınmaqla cəbhəyanı ərazilərdə fəaliyyət göstərən və zərər görmüş sahibkarlar üçün maliyyə sanksiyalarının tətbiqini nəzərdə tutan inzibati aktlar ləğv edilib və həmin qərarlar üzrə maliyyə sanksiyalarının silinməsi ilə bağlı aidiyyəti vergi orqanlarına müvafiq tapşırıqlar verilib.

İdarə rəisinin müavini qeyd edib ki, qəbul edilmiş qərarla 2013 vergi ödəyicisinin 6 milyon manatdan çox maliyyə sanksiyası ləğv edilib. Bu qərar tam və qismən işğal altında olan rayonlar, həmçinin cəbhəyanı ərazilər, o cümlədən Tərtər, Goranboy, Naftalan, Ağcabədi, Bərdə, Beyləqan, Daşkəsən, Gədəbəy və bir sıra digər rayonlardan olan vergi ödəyicilərini əhatə edir. Qərar mikro və kiçik sahibkarlıq subyektlərinə şamil edilir.

Ən sərfəli kredit üçün müraciət et

Sahibkarlıq subyektlərinə münasibətdə bu qərarın qəbul edilməsi onların gələcək maliyyə vəziyyətinin yaxşılaşdırılmasına və fəaliyyətinin davamlı olmasına xidmət edəcək. A.Rzayev bildirib ki, sahibkarlıq subyektlərinin fəaliyyətinin davamlı və maneəsiz həyata keçirilməsi hər zaman dövlətin diqqət mərkəzindədir. Gələcəkdə də zərurət yaranarsa, müvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et