Vacib deyil ki birinci dəfədən yüksələsən.. | Banco.az

Vacib deyil ki birinci dəfədən yüksələsən..

Bəzən aylarla hansısa yeni filmin anonsu gedir və ona baxanda görürsən ki, elə bütün hər şeyi treylerdə göstəriblər ki. Rahatca Everest filminin treylerini sizinlə paylaşaraq demək istəyirəm ki, bu kinoya baxıb belə şeylər fikirləşməyə vaxtınız olmayacaq. Səbəb isə odur ki, kino çox emosional kinodur, sadəcə tək-tük rasional adamlar filmə baxdıqdan sonra deyəcək ki, filan kino məni daha çox ağlatmışdı:

Ağlamağa görə demirəm, qəşəng bir kinoya baxmaq istəyirsinizsə vaxtınız, həvəsəniz, pulunuzun olub-olmamasından asılı olmayaraq tövsiyyə edərdim ki, bu günlərdə Everest filminə mütləq baxasınız. Bu yazı onsuzda filmin sujet xətti haqqında deyil. Odur ki, rahat oxuya bilərsiz.

Hamı yuxarıya istəyir, amma ki..

Hər birimiz özümüzə aid bildiyimiz sahələrdə yüksəkdə olmaq istəyirik. Sonda buna ya həvəsimiz, ya gücümüz çatmır. Bəzən 8800 metr getsək belə sadəcə 48 metrə mənəvi gücümüz çatmır. Nəticədə çox az insan olur ki, sonadək mübarizə aparır və ən yüksək zirvədə olur. Uğurlu həyat üçün çoxumuzun əlinə imkanlar düşür. Kimsə xeyli əziyyət çəkərək bu imkanları dəyərləndirir, kimsə məndə alınmayacaq, qismət deyil, məcbur deyil ki, mənimki bura qədər deyib çıxdığı yerdə belə özünü saxlaya bilməyib yuvarlanır aşağı.

Vacib deyil ki birinci dəfədən yüksələsən..

Məqsədimizə çatmaq heç də həmişə xoş nəticə vermir. Bəzən kiminsə arzusu üçünsə bütün prinsiplərə qarşı çıxıb ‘ömürdür, bir dəfə verilir’ yanaşması ilə qaydaları pozuruq və kimlərəsə və ya özümüzə təhlükə yaradırıq. Odur ki, bəzi arzular və məqsədlər potensialımıza uyğun deyilsə bu barədə gərək fikirləşib hərəkət edək. Ayağını ədyalına görə uzaltmaq məsələsi burada yerinə düşür. Təcrübə göstərir ki, birinci dəfə hədəfə çatmadıqda geri dönüb sonra yeni güclə ora qayıtmaq daha yaxşıdır. Hansısa uğursuzluqdan sonra ruhdan düşmək əvəzinə yenidən bu zirvəyə necə qayıtmaq olar fikirləşmək daha yaxşıdır.

Ən sərfəli kredit üçün müraciət et

Komandanı göstər deyim rəhbərin necə adamdı..

Komanda şəklində uzun və məsuliyyətli yola çıxanda komandadakı insanları fərqli məqamlarda görmək olur. Əgər hamı başlı-başına buraxılsa o zaman nəticələr yaxşı olmayacaq. Bu aydındır. Onu da bilirik ki, lider komandanı öz dalınca aparan şəxsdir. Elə məqamlar var ki, lider öz rolunu düz başa düşmür. Özü komandanın içində olub ən xırda məsələlərdə belə komanda üzvlərinə dəstək olmaqdansa insanları bacarıqsızlığa görə günahlandırır. Komanda ilə yaxın olan lideri insanlar da sevir və ona görə canlarından da keçməyə belə hazır olur. Səmimi münasibət istənilən komandanı bir addım öndə edir.

Həyatdakı ən böyük risk..

Həyatımız eləcə risklərdən ibarətdir. ‘Gecə yuxumu qaçırmışam işdə artıq-əskik danışma’ səviyyəsindən tutmuş ən ölümcül işlərə qədər. Amma çoxumuz xırda məsələlərdən elə böyük risklər çıxarırıq ki. Nəticədə ürəksik oluruq. Həyatda çoxunun ürəklu olub etmədiyi çox şey var ki, insanlar bunu edib varlanır, rekord qırır, məşhur olur, yığılıb ölür və s. Everestə qalxan istənilən şəxs də ölüm təhlükəsinə çox yaxın olduğunu bilir, amma ki gedir. Ölümdən böyük risk?! Riski isə tərəzidə yüngül edə biləcək qüvvə istək, motivasiyadır.

Kinoya baxandan sonra qərar verdim ki, bu indiyə qədər baxdığım ən yaxşı kino idi. Düzdür, emosional fikir idi, xeyli kinonun qəlbimizdə yeri var. İstənilən halda həyatda bizi uğurlu edən, irəliyə çəkən tanıdığımız, haqqında oxuduğumuz, baxdığımız, eşitdiyimiz insanların cəsarətləri, iradələri, mübarizələridir. Hər birimizə mənəvi güclülük arzusu ilə!

 

 

 

Müəllif: İlham Ali Yusif

Ən sərfəli krediti almaq üçün müraciət et