V. Bayramov: "Azərbaycanda ən bahalı kreditlər Dağlıq Şirvan iqtisadi rayonunda təklif edilir" | Banco.az

V. Bayramov: "Azərbaycanda ən bahalı kreditlər Dağlıq Şirvan iqtisadi rayonunda təklif edilir"

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin 1 sentyabr tarixinə Azərbaycanda manatla verilmiş yeni kreditlərin ortalama faiz dərəcəsi 15.79% təşkil edib. Xarici valyutada isə bu göstərici 5.18%-ə bərabər olub. Bunlar illik müqayisədə müvafiq olaraq 8% az və 2.2% çoxdur.

Mərkəzi Bankın məlumatına görə, manatla yeni verilmiş kreditlər üzrə ortalama faiz dərəcəsi son aylarda dəyişkən dinamika göstərib. Belə ki, bu göstərici avqustun 1-nə 15.31%, iyulun 1-nə 15.68%, iyunun 1-nə isə 15.49% təşkil edib.

Məlumata görə, hesabat dövründə verilmiş kreditlər üzrə faiz dərəcəsinin ən yüksək olduğu region Dağlıq Şirvan iqtisadi rayonu olub. Bakı üzrə bu göstərici 10.98%, Naxçıvan iqtisadi rayonu üzrə 13.42% təşkil edib. Digər regionlarda isə ortalama faiz dərəcələri 15%-dən yüksək olub.

Bəs faiz dərəcələrinin regionlarda yüksək olmasının səbəbi nədir?

Banco.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov mövzu ilə bağlı bildirib ki, Azərbaycanda ən bahalı kreditlər Dağlıq Şirvan iqtisadi rayonunda (Şamaxı, İsmayıllı, Ağsu və Qobustan) təklif edilir:

"Mərkəzi Bankın məlumatına görə, bu iqtisadi rayonumuzda kreditlər üzrə orta faiz 19.6-dır. Qarabağ iqtisadi rayonunda da kredit faizləri yüksəkdir. Ağcabədi, Ağdam,Bərdə, Füzuli və Tərtər rayonlarında banklar krediti orta hesabla 19.37 faizlə verirlər. Mil-Muğan və cənub bölgələrimizdə də orta kredit faizi 19%-in üzərindədir".

Onun sözlərinə görə, Mərkəzi Bank ən ucuz kreditlərin Bakıda təklif olunduğu bəyan edib: "Paytaxtda orta kredit faizi digər bölgələrimizdən kəskin fərqlənir: 10.98 faiz.

Rayonlarımızda kredit faizlərinin yüksək olmasının əsas səbəblərindən biri bölgələrin biznes kreditlərinə əlçatanlığın aşağı olmasıdır. Belə ki, risklərini sığortalamaq istəyən banklar nisbətən aşağı faizli biznes kreditlərini Bakıda təklif etməyə üstünlük verirlər. Bu isə bir tərəfdən, bankların regionlarda real sektoru daha az dəstəkləməsinə, digər tərəfdən isə rayon sakinlərinin bahalı kreditlərdən istifadə etməsinə səbəb olur. Rayonlarda bank filallarının sayının az olması və bu səbəbdən Bakı ilə müqayisədə zəif rəqabət də kredit faizlərinə təsir göstərir".

Ən sərfəli kredit üçün müraciət et

V. Bayramov qeyd edib ki, Mərkəzi Bankın məlumatına görə, ölkə üzrə kreditlər orta hesabla 12.53 faizlə təklif olunurlar: "Bununla belə, orta kredit faizləri ilə vətəndaşların daha çox istifadə etdiyi istehlak kredit faizləri arasında fərq mövcuddur. Aydındır ki, Azərbaycanda 12.53%-ə  istehlak kreditləri cəlb etmək çox çətindir. Orta kredit faizlərinin nisbətən aşağı olması isə faizlərin hesablanması metodologiyasında güzəştli kreditlərin faizlərindən istifadə edilməsidir. Bu hesablama orta faiz ilə real faiz arasında fərq yaradır. Bununla yanaşı, orta faizdən daha çox, istehlak kreditlərinin faiz dərəcələrinin azaldılması istiqamətində fəaliyyətlərin gücləndirilməsi daha vacibdir".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et