Uzun illər dünyanın ən xoşbəxt ölkəsi seçilən Danimarkanın sirri nədir? | Banco.az

Uzun illər dünyanın ən xoşbəxt ölkəsi seçilən Danimarkanın sirri nədir?

Aida İsaq, Banco.az

Danimarkalı xoşbəxtlik mütəxəssisi Meik Wiking "The Little Book of Hygge" adlı kitabında ölkəsindəki insanları xoşbəxt edən detallar barəsində məlumat verib. Başqa dillərə dəqiq tərcüməsi olmayan “Hygge” (huge, höge, hoga kimi oxunur) “isti, mehriban, sakit, dinc mühit” mənasını ifadə edir. Wikingə görə, danimarkalıların xoşbəxtlik sirrini insan münasibətlərindən tutmuş ümumi həyat prinsiplərinə qədər 7 başlıq altında toplamaq mümkündür. Gəlin, birgə nəzər salaq:

Ailə

Danimarkada saat 17:30-dan sonra ofislər səssiz, qaranlıq otaqlara çevrilir. Əgər danimarkalılar həftə sonu işlədiyinizi eşitsələr dəli olduğunuzu düşünərlər. Onlar üçün işdən kənar hər saat ailə və sevdiklərinlə bərabər zaman keçirmək fürsətidir.

Qida və içkilər

Wikingin sözlərinə görə "Hygge"nin mənalarından biri də özünü dəyərləndirməkdir. Danimarkalılar pəhrizlərinə fasilə verəndə özlərini ət, desert və qəhvə ilə mükafatlandırırlar. Bir danimarkalı orta hesabla ildə üç kiloqram donuz əti yeyir.

Evin kimi daha hüzurlu yer yoxdur!

Avropanın yaşamaq üçün ən ideal ölkəsi hesab olunan Danimarkada evlərin dizayn mükəmməlliyi heç də təəccüblü deyil. Evində vaxt keçirməyi sevmək “hygge” məntiqinin əsas özəlliklərindən biridir.

Milad bayramı

İlin ən "Hygge" dövrü olan Milad bayramında danimarkalıların adət-ənənələri Avropa və ya Amerikadakılardan çox da fərqlənmir. Ancaq dekabrın demək olar ki, hər günü bura dünyanın digər ölkələrindən daha əyləncəli, parlaq və xüsusi enerji ilə bol olur.

Ən sərfəli kredit üçün müraciət et

İşıqlandırma

Emosional rahatlığı təmin edən şamlar danimarkalılar üçün vazkeçilməzdir. Bu zərif mumların onların həyatına bənzərsiz gözəlliklər gətirdiyinə inanırlar. Xoşbəxtlik Araşdırma İnstitutunun məlumatlarına görə, Danimarkalıların 85 faizi "Hygge" məntiqini birbaşa şamlarla əlaqələndirir, 25 faizi isə hər gün işıqlandırma üçün şamlardan istifadə edir.

Dünyanın ən xoşbəxt şəhəri

Demək olar ki, hər xoşbəxtlik sorğusunda birinci yerdə olan paytaxt Kopenhagenin əhalisi 562 min nəfərdir. Köhnə liman şəhəri olan Kopenhagen uzun illər Avropa ticarətinin mərkəzi dayanacaqlarından biri olub. Yaşıl enerji dostu Kopenhagen elektrik və istilik istehlakını 20 faiz azaltmaqla karbon emissiyalarını 2025-ci ilə qədər sıfıra endirməyi hədəfləyir.

Rifah

Danimarka insanların rifah səviyyəsini gücləndirəcək sosial təminat, sağlamlıq və pensiya kimi sahələrdə bütün yüksək vergilərin tətbiq edildiyi bir ölkədir.

Bu vəziyyət dünyanın 90 faiz ölkəsində "dərdsiz, qəmsiz" bir həyat kimi qəbul edilsə də, "OECD"in (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) məlumatlarına görə, Danimarka antidepressantların ən çox istifadə edildiyi ikinci ölkədir. Buna səbəb olaraq qışın uzun qaranlığı və gənclərin çətinliklərə qarşı dözümsüzlüyü göstərilir. Ancaq Wiking bu vəziyyətə paradoks kimi yanaşmaq əvəzinə psixi sağlamlığın bütün digər sağlamlıq problemləri kimi vacib olduğunu xatırladır.

Sonda qeyd etmək yerinə düşər ki, harada və necə yaşamağınızdan asılı olmayaraq özünüzü xoşbəxt hiss etməyiniz tamamilə sizdən asılıdır. Həyatın qarşımıza çıxardığı maddi və mənəvi çətinliklərin öhdəsindən gəlmək üçün hər zaman güclü olun. Əks halda təslim olaraq hər şeyə boyun əymiş olursunuz. Həyat isə onu doya-doya yaşamaq üçün kifayət qədər dəyərli və təəssüf ki, qısadır.

Ən sərfəli krediti almaq üçün müraciət et