Uşaq geyimləri niyə baha olur? | Banco.az

Uşaq geyimləri niyə baha olur?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Son illərdə Azərbaycanda geyim bazarında qiymət artımları daha çox diqqət çəkən məsələlərdən birinə çevrilib. Xüsusilə də uşaq geyimləri valideynlər üçün ciddi xərc yaradır. Maraqlıdır ki, ölçü və istifadə müddəti baxımından daha kiçik olan bu məhsulların qiymətləri əksər hallarda böyüklər üçün nəzərdə tutulan geyimlərlə eyni, bəzən isə daha yüksək olur. 

Bəs bu nə ilə bağlıdır? Niyə uşaq paltarları bahadır?

İqtisadçı ekspert Günay Hüseynova Banco.az-a açıqlamasında bildirib ki, uşaq geyimləri böyüklərin geyimləri ilə müqayisədə həddindən artıq bahadır:

"Həmçinin, uşaq geyimlərinin dizaynı və dəbi böyüklərin geyimlərinə nisbətən daha sürətlə dəyişir. Məsələn, bu mövsüm dəbdə olan uşaq geyimi artıq növbəti dönəmdə dəbdə olmur. Həmin dönəmdə başqa dəb formalaşır. Valideyn isə bir növ məcburiyyət qarşısında qalaraq hər dəb mövsümündə övladı üçün həmin geyimləri alır.

Uşaq geyimlərinin baha olmasına gəldikdə isə, satıcı şirkətlər çox yaxşı bilirlər ki, qiymətindən asılı olmayaraq bu məhsullar satılacaq. Psixoloji faktorlar iqtisadi maraqları üstələdiyi üçün bu sahədə qiymətlər olduqca yüksəkdir.

Məsələn, böyüklər hər hansı bir məhsul alarkən onun üzərindəki qiymət etiketinə baxır, əgər qiymət ona münasib deyilsə, həmin məhsulu almır. Lakin övladı üçün alış-veriş etdikdə ya qiymət etiketinə heç baxmır, ya da qiymət onun üçün o qədər də əhəmiyyət daşımır. Həmçinin uşaq geyimləri satışında bir növ manipulyasiya faktoru da mövcuddur. Məsələn, etiketin üzərində “Made in Italy”, “Made in Turkey”, “100% cotton” yazılması və ya məhsulun hansısa marka və ya brendə məxsus olması belə geyimlərin dəyərindən qat-qat baha satılmasına səbəb olur".

İqtisadçının sözlərinə görə, ümumiyyətlə, son illərdə Azərbaycanda geyim sektorunda tələbat əvvəlki illərlə müqayisədə xeyli yüksəlib: "Çünki ilk növbədə xərclərin istiqaməti dəyişib.

Əvvəlki illərdə daha çox daşınmaz əmlak üçün yığım edilirdisə, hazırda mənzillər əsasən ipoteka və ya daxili kredit hesabına əldə edilir. Qalan vəsait isə qida, geyim və əyləncə sahələrinə xərclənir.

Azərbaycan hələ müstəqillik əldə etməzdən əvvəl uşaq geyimləri ailədə böyükdən kiçiyə ötürülürdü. Bu qədər geyim mağazası və çeşid bolluğu yox idi. Artıq istehlakçı düşüncəsinin dəyişməsi və çeşid bolluğunun yaranması səbəbindən daxili bazarda da şişirdilmiş qiymətlər mövcuddur".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram