Müəllif:Mehin Qasımova/Banco.az
"Mən həmişə etdiyim hər şeydə ən yaxşı olmağa çalışmışam. İşləri davam etmək və irəliləmək üçün kifayət qədər cəsarətli olmalısınız. Mən heç vaxt doya bilmədim".
Banco.az dünyanın 52-ci ən varlı adamı olan Del Vecchionun uğur hekayəsini sizə təqdim edir:
Dünyanın ən böyük günəş eynəyi, reseptlə satılan eynək istehsalçısı və pərakəndə satışı ilə məşğul olan EssilorLuxottica şirkətinin prezidenti Leonardo Del Vecchio 22 may 1935-ci ildə İtaliyada anadan olub. Del Vecchio Milanda kasıb bir ailə böyüyüb. Onun atası küçə satıcısı olub və doğulmazdan 5 ay əvvəl dünyasını dəyişib. 7 yaşında olarkən anası 5 uşağa baxa bilmədiyi üçün onu uşaq evinə qoyur. O, 14 yaşında avtomobil və eynək hissələri fabrikində şagirdliyə başlayır və bir dəfə iş zamanı barmağının bir hissəsini kəsir.
Del Vecchio 1960-cı illərdə İtaliyanın eynək sənayesinin çox hissəsinin yerləşdiyi Belluno əyalətindəki Agordo şəhərinə köçür. Eynək çərçivələri istehsal edən kiçik biznesə başlayır.
Del Vecchio Luxottica-nı 1961-ci ildə 25 yaşında qurur. Onun rəhbərliyi altında şirkət Sunglass Hut, Ray-Ban və Oakley-ni satın alır və Bulgari və Chanel də daxil olmaqla, demək olar ki, hər bir brend üçün eynək istehsal etməyə başlayır.
Əslində, Del Vecchio reseptli eynəkləri və gün eynəklərini "dizayner çərçivələrinə" çevirərək qızıl mədəni tapmışdı. Beləliklə, o, eynəklərin zamanla tibbi cihazdan moda aksesuarına çevriləcəyini proqnozlaşdırdı.
1971-ci ildə Luxottica ilk eynək kolleksiyasını Milanda keçirilən Beynəlxalq Optik Sərgidə təqdim edir və burada uğur qazanır. 1974-cü ildə Del Vecchio Luxottica markasını genişləndirmək strategiyasını davam etdirmək üçün Scarrone SpA adlı italyan eynək distribyutorunu alır.
Ən yaxşı moda dizaynerləri ilə işləməyin vacibliyini görən Del Vecchio 1988-ci ildə Giorgio Armani ilə eynək dizaynı və istehsalı üçün lisenziya müqaviləsi imzalayır. Bu əməkdaşlıq Luxottica ilə güclərini birləşdirən bir çox lüks moda markalarından birincisidir. 90-cı illərdə Luxottica Vogue, Brooks Brothers, Persol, Bulgari və Chanel ilə də əməkdaşlıq edir. 1999-cu ildə şirkət Ray-Ban-ı alır, brendin kolleksiyasını və stil təkliflərini genişləndirir.
Los Angeles Times-a görə, Del Vecchionun atdığı iki addım onun biznesinin daha da böyüməsinə təkan verir. Strategiyalardan biri pərakəndə satış sektoruna investisiya qoymaq və Luxottica mağazalarını açmaq idi. Onun digər strategiyası alışlar etməyə apardı. Xüsusilə, 1999-cu ildə şirkətin marketinq yanaşması çərçivəsində ABŞ-ın Ray-Ban-ı alması onun biznesininin inkişafında böyük rol oynadı. Del Vecchio imperiyasını 2018-ci ildə Fransanın Essilor şirkəti ilə müqavilə bağlayaraq genişləndirir. Bu sövdələşmə 150 ölkədə 140.000-dən çox işçisi olan nəhəng bir qurum yaradır.
Tarixə öz adını qızıl hərflərlə yazmağı bacaran Leonardo Del Vecchio 27 iyun 2022-ci ildə 87 yaşında vəfat edib.
Forbes milyarderləri siyahısında dünyanın 52-ci ən varlı adamı olan Del Vecchio ölərkən təxminən 25 milyard dollar sərvətə sahib idi.
Bizi sosial şəbəkələrdən izləyin!!