Unicapitaldan həftəlik analitika | Banco.az

Unicapitaldan həftəlik analitika

Maliyyə Nazirliyinin istiqrazının yerləşdirilməsi üzrə hərrac:

7 dekabr 2021-ci il 5 illik istiqrazın yerləşdirilməsi üzrə hərrac keçiriləcəyi elan olunmuşdur. 5 illik hərrac zamanı əvvəlcədən 20 milyon AZN təklif olunacağı qeyd olunmuşdur. Hərrac zamanı 20 milyon təklif qarşılığında 14 investor tərəfindən tələb 90,42 milyon olub. Sifarişlərin gəlirlilik intervalı isə 5,47 – 8% aralığında dəyişib. Yerləşdirmənin nəticəsinə gəldikdə, keçirilmiş sonuncu 5 illik hərrac zamanı 30 milyon AZN vəsait, orta gəlirlilik 5,51 % olmaqla yerləşdirilib. Dekabr ayının 14-ü 5 illik hərrac keçiriləcək. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Mərkəzi Bankların görüşü: 

Bu həftə həm Azərbaycan Respublikası Mərkəzi Bankı, həmçinin ABŞ Mərkəzi Bankı olan Federal Ehtiyatlar Sistemi (FES) bu ilin son iclasını keçirəcək. Hələ ki, noyabr ayı üzrə olan inflyasiya Statistika Komitəsi tərəfindən açıqlanmayıb. Əsas məqam açıqlanacaq inflyasiyanın necə dəyişməsində olacaq. Belə ki, Mərkəzi Bank sonuncu iclası zamanı ilin sonuna olan inflyasiyanı 6,2-6,5% civarında proqnoz etmişdir. Qeyd edək ki, sonuncu illik orta inflyasiya 5,7% olaraq açıqlanıb. Adətən, mövsümi olaraq, bu aylarda kənd təsərrüfatı məhsullarında qiymət artımı müşahidə edilir. Bu baxımdan, inflyasiyanın nə qədər artacağı önəmlidir. Mərkəzi Bank inflyasiya ilə bağlı gözləntilərini yeniləmədiyi halda gözləmək olar ki, uçot faiz dərəcəsi olduğu kimi saxlanılacaq, inflyasiyada gözə çarpacaq artım müşahidə edildiyi halda isə 0,25% artım gözləmək olar.

ABŞ Mərkəzi Bankının sədri, Povel ötən həftə ABŞ qanunvericilərinə FES-in yüksək inflyasiyanı «müvəqqəti» olaraq təsvir etməkdən «imtina etməyin» vaxtı gəldiyini qeyd edib. O, yüksək qiymətlərdən zərərlə bağlı iki tərəfli şikayətləri eşitdiyi dinləmələr zamanı bildirib ki, dekabrın 14-15-də toplaşacaq nümayəndələr aktivlərin alınması proqramının 2022-ci ilin ortalarında planlaşdırılandan bir neçə ay əvvəl dayandırılması məsələsinə baxacaqlar. Onlar sentyabrda növbəti il üçün verdikləri proqnozları da yeniləyəcəklər. Gözlənilən görüşə qalan zamanın az olmasına baxmayaraq, artıq bir çox maliyyə iştirakçıları FES-in daha tez faiz artımına gedəcəyinə dair proqnozlarını açıqlayıblar. Bu baxımdan, artıq gələn ilin ortalarından etibarən faiz artımını gözləmək olar. Halbuki, ilin əvvəli iqtisadçılar bu artımın gələn ilin sonuna olacağını proqnozlaşdırırdılar. Hər halda, bu həftə baş tutacaq sonuncu görüşdə gələn il üçün atıla biləcək addımlarla bağlı tam mənzərə aydın olacaq.

Ən sərfəli kredit üçün müraciət et


Çin iqtisadiyyatındakı problemlər: 

Bir neçə aydır ki, hamının səbirsizliklə Çin hökümətinin köməyinə çatmağını gözlədiyi “Evergrande” şirkəti yenə də ödəmələrini gecikdirib, bu isə faktiki olaraq texniki default anlamına gəlmiş olur. Bu səbəbdən, “Fitch” kredit agentliyi 1,2 milyard öhdəlik üzrə kredit reytinqini default elan edib. Şitkərin öhdəliklərinin 300 milyard dollar olması və həmçinin bu şirkətin Çinin ən böyük tikinti şirkətlərindən biri olması, bir çox şəxslərin bu şirkətə investisiya etməsi bu default halının Çin iqtisadiyyatı üçün xətərsiz ötüşməsinə imkan verməyəcək. Bir neçə gün öncə “Goldman Sachs” gələn il ABŞ iqtisadiyyatı üçün əvvəl verdiyi proqnozu 4,2%-dən 3,8%
dək salıb. Çində olan bu hadisələr iqtisadiyyatın daxilində mövcud olan problemlərin varlığından xəbər verir. Məhz bu baxımdan, Çində gözlənilən artım proqnozları da düşünürük ki, aşağı doğru yenilənməklə, gələn il dünya iqtisadiyyatındakı gözlənilən iqtisadi artım əvvəlki proqnozlardan aşağı olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et