Unicapital və MDM kapital bazarlarına dair birgə təlim təşkil etdi | Banco.az

Unicapital və MDM kapital bazarlarına dair birgə təlim təşkil etdi

29 aprel 2025-ci il tarixində Unicapital İnvestisiya Şirkəti və Milli Depozit Mərkəzinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün təlim təşkil edilib. Təlimin əsas məqsədi ölkədə kapital bazarlarına dair maarifləndirməni artırmaq və media nümayəndələrini bu sahədə daha dolğun məlumatlandırmaq olub.

MDM-in İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev və Unicapital-ın Baş direktoru Vüqar Namazov tədbirin açılış nitqində kapital bazarlarının inkişafı üçün medianın roluna və maarifləndirmənin vacibliyinə diqqət çəkiblər.

Təlim çərçivəsində MDM-in məsul şəxsi Əli Əliyev və Unicapital İnvestisiya Şirkətinin şöbə müdiri Röyal Lətifli çıxış ediblər. Röyal Lətifli "Kapital bazarları və investisiya şirkətlərinin fəaliyyəti" mövzusunu ətraflı işıqlandırıb. O, kapital bazarlarının strukturu, investisiya şirkətlərinin funksiyaları və maliyyə alətlərinin əhəmiyyəti haqqında məlumat təqdim edib.

Tədbir zamanı interaktiv sual-cavab sessiyası təşkil olunub, təlimdə iştirak edən media nümayəndələrinə sertifikatlar təqdim edilib.

Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalı 100%-lik “Unibank KB” ASC-yə məxsusdur. Şirkət 2007-ci ildən bəri fond bazarının peşəkar iştirakçısı, Bakı Fond Birjasının ilk və ən uzunmüddətli üzvüdür. Hazırda şirkətin müştəri sayı 1 000 000-u ötüb.