Unicapital həftəlik analitika | Banco.az

Unicapital həftəlik analitika

"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir:

Daxili Bazar

26 iyul 2023-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%, faiz dəhlizinin aşağı həddi 7.5%, faiz dəhlizinin yuxarı həddi isə 10% səviyyəsində dəyişməz saxlanılmışdır. Bəyanatda qeyd edilir ki, pul siyasətinə həsr edilmiş ötən iclasdan bəri illik inflyasiya tempi azalmaqda davam etmişdir. İyun ayında əvvəlki aya nəzərən 0.9%-lik deflyasiya qeydə alınmışdır. İllik inflyasiya iyunda 10.6% təşkil etmişdir ki, bu da ötən ilin sentyabr ayında qeydə alınmış son illərin pik səviyyəsi ilə müqayisədə 5 faiz bəndi aşağıdır. İllik ərzaq inflyasiyası 11.5%-ə enmişdir. Qərarda qeyd edilir ki, 2023-cü ilin iyul ayından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun hesablamalı və növbəti saxlama dövründən (2023-cü ilin 15 avqust tarixindən) etibarən məcburi ehtiyatları yeni normalara uyğun saxlamalıdırlar. Məcburi ehtiyat normalarının hüquqi şəxslərin depozitlərinin məbləğindən asılı olaraq diferensial tətbiqi likvidliyin təmərküzləşməsini azaltmağa və əlavə vəsaitin sterilizasiyasına imkan yaradacaqdır. Pul siyasəti ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2023-cü il sentyabr ayının 20-də açıqlanacaqdır.

Ötən həftə AR Maliyyə Nazirliyinin 3 illik istiqrazlarının hərracı keçirilmişdir. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 9.7545% , orta ölçülmüş qiyməti 9.4183% müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 191,025,500 manat, yerləşdirilmiş həcmi isə 82,500,000 manat təşkil edilmişdir.

26-27 iyul tarixlərində AR Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərraclarda ortaölçülmüş gəlirliliklər 3 aylıq notlarda 8.88%-dən 8.69%-a, 6 aylıq notlarda 9.17%- dən 9.16%-a, 9 aylıq notlarda 10.82%-dən 9.85%-ə düşmüşdür. 1 aylıq notlarda gəlirlik 6,88%-dən 6,95% -ə yüksəlmişdir.

Qlobal Bazar

Keçən həftə Federal ehtiyat sistemi son 22 ildə faiz dərəcələrini ən yüksək səviyyəyə qaldırdı və gələcəkdə zərurət olarsa əlavə artım ola biləcəyini qeyd etdi , çünki mərkəzi bank üçün inflyasiyanın daha da aşağı salınması ən əsas məsələlərdən biridir. Beləliklə FES faiz dərəcəsinin aşağı həddini 5,25% -ə, yuxarı həddini isə 5,5%-ə qaldırıb ki, bu da 2001-ci ildən bəri ən yüksək səviyyədir. Açıqlamada qeyd edilir ki, "İnflyasiyanın zaman keçdikcə 2%-ə qaytarılması üçün məqsədəuyğun ola biləcək siyasətin əlavə möhkəmlənməsinin miqyasını müəyyən edərkən, komitə pul-kredit siyasətinin kümülyativ sərtləşməsini, pul-kredit siyasətinin iqtisadi aktivliyə və inflyasiyaya təsir etdiyi gecikmələri, həmçinin iqtisadi və maliyyə hadisələrini nəzərə alacaq". Bu təkliflər isə o deməkdir ki, komitə üzvləri ya sentyabr ayında növbəti görüşlərində faizi yenidən qaldırmaq, ya da gələn məlumatlardan asılı olaraq faiz artımını dayandırmaq və ya artımı gecikdirmək üçün öz variantlarını açıq saxlayırlar.

Ən sərfəli kredit üçün müraciət et

Keçən həftə Avropa Mərkəzi Bankı faiz dərəcələrini daha dörddə bir bənd artıraraq növbəti görüş üçün variantları açıq saxladı. Ötən ilin iyul ayından bəri doqquzuncu birbaşa artım əmanətlər üzrə faiz dərəcəsini cümə axşamı iqtisadçıların gözlədiyi kimi 3,75% -ə gətirib çıxardı. Sentyabr qərarı daha çox inflyasiya göstəricisindən asılı olacaq. "Gələcək qərarlar AMB-nin əsas faiz dərəcələrinin lazım olan qədər məhdudlaşdırıcı səviyyələrdə təyin olunmasını təmin edəcək", - deyə AMB-nin açıqlamasında bildirilir. "İdarəedicilər Şurası müvafiq səviyyəni və məhdudiyyətin müddətini müəyyənləşdirərkən məlumatlara əsaslanan yanaşmanı davam etdirəcəklər".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et