Unicapital həftəlik analitika | Banco.az

Unicapital həftəlik analitika

"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir:

Daxili Bazar

  • Ötən həftə 2022-ci ilin noyabr ayından sonra ilk dəfə AR Maliyyə Nazirliyinin 5 illik istiqrazlarının hərracı keçirilmişdir. Hərracda tələb təklifi 4.5 dəfədən çox üstələmiş, orta ölçülmüş və kəsmə gəlirliliklər müvafiq olaraq, 8.71% və 9.15% (2022- ci ilin noyabrında 9.32% və 9.50%) olmuşdur. İyun və iyul aylarında da hər biri 20 milyon AZN həcmində 5 illik istiqraz hərraclarının keçirilməsi nəzərdə tutulub. Xatırladaq ki, AR Maliyyə Nazirliyi 2023-cü ildə ümumilikdə 500 milyon AZN həcmində, tədavül müddəti 5 il və daha artıq olan istiqraz emissiyası planlaşdırıb. 2022-ci ildə 335 milyon AZN həcmində 5 illik və 7 illik istiqrazlar yerləşdirilmişdir.
  • Bu həftə AR Maliyyə Nazirliyinin 2 illik istiqrazlarının hərracı keçiriləcək. Ötən hərrac 6.98% orta ölçülmüş gəlirliliklə nəticələnmişdi.
  • AR Mərkəzi Bankının notlarında gəlirliliklər artım tempini keçən həftə də davam etdirmişdir. Belə ki 1, 3, 6 və 9 aylıq not hərraclarında orta çəkili gəlirliliklər 7.55%-9.31% aralığında olmuşdur (bundan öncə 7.38%-9.05%).

Qlobal bazar

  • ABŞ-da keçən həftə aprel ayı üçün aylıq pərakəndə satış açıqlanıb. Aprel ayı üçün əlavə satışlarda gözlənti 0,8% olduğu halda, real rəqəm 0,1% olaraq açıqlanıb (əvvəlki göstərici -1% olub).
  • Həmçinin ötən həftə aprel ayı üçün sənaye istehsalı indeksi də açıqlanıb. Gözlənti 0% olduğu halda, real rəqəm 0,5% olaraq açıqlanıb.
  • Keçən həftə Avropada aprel ayı üçün son inflyasiya göstərici açıqlanıb. Aylıq əsasda aprel ayı üçün inflyasiya gözləntisi 0,7% olduğu halda, real rəqəm 0,6% olaraq açıqlanıb. Həmçinin aprel ayı üçün olan illik inflyasiya gözləntiyə uyğun olaraq 7% açıqlanıb.
  • Bloomberg məlumat verir ki, Prezident Co Bayden və Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ABŞ-ın dövlət borcu ilə bağlı tavanın artırılması məqsədilə danışıqlar aparmaq üçün bazar ertəsi görüşmək niyyətindədirlər. Belə ki, 1 iyuna az vaxt qalır və hələ də fikir ayrılıqları davam edir. Bazar günü axşam Makkartinin ABŞ-ın Kapitoliyadakı ofisində iki tərəf arasında 2 saatdan çox davam edən görüş olsa da, bu müzakirələrin statusu mediaya açıqlanmayıb. Bu baxımdan sırf bu qeyri-müəyyənlik maliyyə bazarlarında volatilliyə səbəb olan əsas amillərdən biridir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram