Müəllif:Mehin Qasımova,Banco.az
Bu ilin ilk səkkiz ayında Ukraynanın dövlət büdcəsinin ümumi fondunun xərcləri gəlirləri 25 milyard dolları üstələyib.
Banco.az xəbər verir ki, bunu Ali Radanın büdcə komitəsinin rəhbəri Roksolana Pidlasa bildirib.
Onun sözlərinə görə, yanvar-avqust aylarında dövlət büdcəsinin ümumi fondundan 2,5 trilyon qrivna (təxminən 60,4 milyard dollar) istifadə edilib. Bu müddətdə ölkənin büdcə gəlirləri isə 1,45 trilyon qrivna (təxminən 35 milyard dollar) təşkil edib.
“Xərclər gəlirləri 1 trilyon qrivnadan çox, yəni 25 milyard dollardan artıq üstələyib. Belə şəraitdə beynəlxalq yardımın və ya daxili borcların azaldılmasından danışmaq mümkün deyil. Bu vəziyyət aktiv hərbi əməliyyatlar davam etdiyi müddətdə qalacaq”, – Pidlasa vurğulayıb.
Qeyd edək ki, bu həftə Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndələri Kiyevə bir həftəlik səfərə gəliblər. BVF-nin Ukrayna üzrə direktor müavini Vladislav Raşkovanın sözlərinə görə, Kiyev BVF-dən büdcə və müdafiə xərclərini əhatə edən yeni uzunmüddətli maliyyə proqramı ala bilər.
Hazırda Ukrayna üçün dördillik maliyyələşdirmə proqramı qüvvədədir. Bu çərçivədə BVF iyulun əvvəlində Kiyevə 500 milyon dollarlıq doqquzuncu kredit tranşını ayırıb. Ümumilikdə isə BVF Ukraynaya artıq 10,6 milyard dollar maliyyə dəstəyi göstərib.