Uğursuzluğa düçar olmuş insanlardan nə öyrənə bilərik? | Banco.az

Uğursuzluğa düçar olmuş insanlardan nə öyrənə bilərik?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Adətən insanlar özlərinə həmişə uğurlu insanları nümunə götürürlər. Ya da başqa sözlə desək, həmişə yaxşı nümunələrdən özlərinə pay çıxarmağa çalışırlar. Ancaq yaxşı və ya pis, uğurlu ya uğursuz fərq etmədən insan qarşılaşdığı hər insandan özünə dərs çıxara bilər. Hətta deyə bilərik ki, uğursuz insanlardan öyrənməli olduğumuz daha çox şey var.

Tənbəllik ən böyük düşməninizdir

Əksər uğursuz insanların ortaq xüsusiyyəti tənbəllikdir. Tənbəllik və işləmə həvəsinin olmamağı uğura gedən yolda insanın ən böyük maneəsidir. Tənbəllik zamanla vərdişə çevriləcəyi üçün insanın bu xüsusiyyətdən xilas olması elə də asan olmur. Ancaq istəyərək əldə edə bilməyəcəyiniz heç nə yoxdur deyə düşünərək bu vərdişdən xilas olmaq üçün bir neçə üsula müraciət edə bilərsiniz. Məsələn, Yaponlara xas olan “Kaizen” fəlsəfəsi müntəzəm işləmə vərdişi yaratmağı əsas götürür.

Uğursuzluq uğura gedən yolun ən təbii mərhələsidir

İnsanlar adətən uğursuzluğu mənfi hadisə kimi dəyərləndirirlər. Lakin uğursuzluqların da müsbət cəhətləri mövcuddur. Çünki insan yaşadığı və ya qarşılaşdığı bütün uğursuzluqlardan nə isə öyrənə bilər. Bununla yanaşı uğursuzluq uğura gedən yolda dəf etməli olduğunuz maneələrdən biridir. Çünki hər hansı bir işdə ilk cəhddə uğur qazanmaq çox nadir hallarda yaşadığımız bir haldır. Bu səbəbdən də uğursuzluqların sizi ruhdan salmasına və hədəflərinizdən uzaqlaşdırmasına əsla izn verməyin.

Hətta baxış bucağınızı dəyişin və dərs çıxardığınız təqdirdə hər uğursuzluğun sizi uğura bir addım daha yaxınlaşdırdığını görə bilərsiniz. Unutmayın ki, bu gün gündəlik həyatımızda istifadə etdiyimiz və həyatımızı asanlaşdıran bir çox ixtira onları icad etmək üçün dəfələrlə səbirlə cəhd edən insanların əzminin nəticəsidir.

Səbirli olun və ruhdan tez düşməyin

Adətən insanların çoxu qısa müddət ərzində uğura nail olmaq istəyirlər. Bu səbəbdən də başladıqları işin nəticəsiz qaldığını gördükdə dərhal ruhdan düşür və bu işdə uğur qazana biləcəklərinə dair ümidlərini və işə olan inamlarını itirirlər. Ancaq bu çox yanlış düşüncədir. Çünki uğura nail olmağın qızıl qaydası səbirli olmaqdır. Uğursuzluğu, qarşınıza çıxan ilk maneədə asanlıqla qəbul etdiyiniz təqdirdə məğlubiyyəti ən başda qəbul etmiş olursunuz.

Ən sərfəli kredit üçün müraciət et

Doğru zamanda imtina edin

Heç bir çətinlik qarşısında geri çəkilməmək və əsla heç nədən imtina etməməli olduğumuz düşüncəsi də doğru deyildir. Əgər çıxılmaz yola daxil olduğunuzu düşünürsünüzsə, vaxtınızı boşa sərf etməmək üçün bu işdən imtina etməlisiniz. Doğru vaxtda imtina etmək sizi daha böyük uğursuzluqlardan qoruyacaq. Tanınmış marketinq mütəxəssisi Seth Godin də “Dip” adlı kitabında məhz bu prinsipdən bəhs edir.

Bəhanələrə sığınmayın

Həyatda özünüzə edə biləcəyiniz ən böyük haqsızlıqlardan biri bəhanələrin arxasına sığınaraq uğursuzluğunuza haqq qazandırmaqdır. Keçmişdə yaşadığınız uğursuzluqlara baxaraq “Uğursuz oldum, çünki çətin vaxtlardan keçirdim” şəklində düşüncələrlə ancaq özünüzü aldatmış olacaqsınız. Çünki hər kəsin həyatında çətin vaxtlar olur və uğurlu insanların heç də hamısının həyatı gül bağçası deyil.

Hansı şərtlər daxilində və ya hansı şəraitdə olursanız olun, əgər uğursuzluğa düçar olmusunuzsa, ya hardasa səhvə yol vermisiniz, ya da lazımi qədər çalışmamısınız. Bu səbəbdən də, uğursuzluğa bəhanə tapmağa çalışmaqdansa, hədəfləriniz uğrunda daha çox səy göstərin.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et