Müəllif: Gülnar Əhmədli, Banco.az
Bir çox insan səhərə zəngli saatın səsi, tələsik qəhvə və telefonda bildirişləri yoxlamaqla başlayır. Ancaq dünyanın ən uğurlu insanlarının səhər rutinləri bunun tam əksini göstərir. Araşdırmalar və məşhur simaların gündəlik vərdişləri göstərir ki, məhsuldar və stresssiz günün təməli məhz səhər atılan addımlardan başlayır.
Mütəxəssislərin fikrincə, uğurlu insanların çoxu günə telefona baxmaqla deyil, sakitlik və planlama ilə başlayır. Onların tətbiq etdiyi bəzi sadə vərdişlər həm diqqəti artırır, həm də gün boyu enerjini qorumağa kömək edir.
1. Zəngli saatdan mümkün qədər uzaq dururlar
Ceff Bezos kimi məşhur isimlər səhərlər təbii şəkildə oyanmağa üstünlük verir. Mütəxəssislər hesab edir ki, qəfil səs ilə oyanmaq stress hormonlarını artıra bilər.
2. Günə qəhvə ilə deyil, su ilə başlayırlar
Gecə boyunca susuz qalan orqanizmin səhər ilk olaraq suya ehtiyacı olduğu vurğulanır. Həkimlər də səhər su qəbulunun maddələr mübadiləsini və həzmi aktivləşdirdiyini bildirirlər.
3. Səhər idmanını vacib hesab edirlər
Bir çox uğurlu insan səhər saatlarında fiziki aktivliyə vaxt ayırır. Bill Gates qaçış trenajorunda məşq edərkən maarifləndirici videolar izləyir. Ekspertlərə görə, səhər idmanı həm zehni fokuslanmanı artırır, həm də stressi azaldır.
4. Qərarlarını əvvəlcədən planlayırlar
Uğurlu şəxslər səhər vaxt itkisini minimuma endirmək üçün bir çox qərarı gecədən verirlər. Bu üsul səhər stressini azaltmağa və diqqəti artırmağa kömək edir.
5. Özlərinə vacib suallar verirlər
Stiv Cobs hər səhər güzgüyə baxaraq özünə belə bir sual verirdi: “Bu gün həyatımın son günü olsaydı, yenə də bu işi görmək istəyərdimmi?” Psixoloqlar hesab edir ki, bu cür özünüqiymətləndirmə insanın həm şəxsi, həm də peşəkar həyatında daha düzgün qərarlar verməsinə kömək edir.
Uğurlu səhər rutini mürəkkəb qaydalardan deyil, davamlı və balanslı vərdişlərdən ibarətdir. Erkən planlama, kifayət qədər yuxu və fiziki aktivlik isə məhsuldar günün əsas açarları hesab olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!
