ÜDM istehsalı 5,3% artıb | Banco.az

ÜDM istehsalı 5,3% artıb

Bu ilin birinci rübündə ümumi daxili məhsul istehsalı 2014-cü ilin yanvar-mart ayları ilə müqayisədə 5,3 faiz artaraq 11,5 milyard manat təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əlavə dəyərin 34,7 faizi sənaye sahələrində, 12,5 faizi tikinti kompleksində, 15,0 faizi ticarət və turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahələrində, 6,2 faizi nəqliyyatda, 2,2 faizi rabitə müəssisələrində, 3,0 faizi aqrar bölmədə, 16,2 faizi digər sahələrdə yaradılmışdır. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə əlavə dəyər qeyri-neft sektorunda 7,0 faiz, neft-qaz sektorunda isə 3,4 faiz artıb.

2015-ci ilin birinci rübündə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 5,8 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz çox sənaye məhsulu istehsal olunmuşdur. Mədənçıxarma bölməsində məhsul istehsalı 5,6 faiz, o cümlədən neft hasilatı 1,8 faiz, əmtəəlik qaz hasilatı isə 11,2 faiz artmışdır.

Kənd təsərrüfatında yaz-tarla işləri aparılır və aprel ayının 1-nə kimi 116,8 min hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Nəqliyyat kompleksində fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar-mart ayları ərzində 50,4 milyon ton yük və 429,8 milyon nəfər sərnişin daşınmış, 2014-cü ilin müvafiq dövrünə nisbətən yük daşınması 2,6 faiz, sərnişin daşınması 3,8 faiz artmışdır.

Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2015-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 2,8 milyard manat vəsait daxil olmuş, büdcədən 2,7 milyard manat vəsait xərclənmişdir. Büdcənin gəlirləri ilə xərcləri arasında yaranmış 80,1 milyon manatlıq profisit ümumi daxili məhsulun 1,1 faizinə bərabər olmuşdur. Büdcə xərclərinin 1,4 milyard manatı iqtisadiyyatın inkişafına, 359,1 milyon manatı sosial müdafiə və sosial təminata, 200,8 milyon manatı təhsil və səhiyyəyə yönəldilmişdir.

Əhalinin banklardakı əmanətlərinin məbləği bir il ərzində məzənnə korreksiyası nəzərə alınmaqla 20,3 faiz artaraq mart ayının 1-i vəziyyətinə 7,9 milyard manata çatmışdır.

Mart ayında milli valyutanın 1 ABŞ dollarına məzənnəsi 1,05 manata, 1 Avroya 1,14 manata, 100 Rusiya rubluna 1,73 manata, ilin əvvəlindən isə müvafiq olaraq 0,9 manata, 1,01 manata və 1,44 manata bərabər olmuşdur.

Ən sərfəli krediti almaq üçün müraciət et