Uçot dərəcəsinin endirilməsi kredit faizlərini aşağı salacaqmı? | Banco.az

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini aşağı salacaqmı?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%-dən 8.5%-ə, faiz dəhlizinin aşağı həddi 7.5%-dən 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 10%-dən 9.5%-ə endirilib. 

Banco.az xəbərr verir ki, bu qərar inflyasiyaya təsir edən xarici və daxili amillərin dəyişimi, eləcə də valyuta bazarında təklifin tələbi əhəmiyyətli üstələməsi nəzərə alınmaqla verilib.

Bəs uçot dərəcəsinin endirilməsi kredit faizlərini aşağı salacaqmı?

İqtisadçı Vüqar Bayramov bununla bağlı bildirib ki, Mərkəzi Bank 2020-ci ilin dekabr ayından bəri ilk dəfə uçot dərəcəsini azaldıb: "Uçot dərəcəsinin azaldılması əks prosesə start verilməsi anlamına gəlir. Ötən il ilə müqayisədə inflyasiyanın nisbətən səngiməsi və hədəflərin yeniləşməsi, eyni zamanda valyuta bazarındakı dəyişikliklər Mərkəzi Banka uçot stavkasını azaltmağa imkan verib. Bu o deməkdir ki, Mərkəzi Bank birrəqəmli və aşağı infilyasiyanın əldə edilməsini hədəflədiyindən dərəcəyə dəyişiklik edib. Eyni zamanda Azərbaycanın xarici ticarət balansında da müsbət saldo qorunub saxlanılıb ki, bu da Mərkəzi Bank üçün alternativ əlavə rıçaqlar deməkdir". 

Onun sözlərinə görə, kredit faizlərinə təsirlərinə gəldikdə isə bu sahədə sistemli tədbirlərin davam etdirilməsi vacibdir: "Doğrudur, bir rəqəmli inflyasiyanın əldə ediləcəyi və real sektor tələbinin stabilləşəcəyi halda kredit faizlərində azalma mümkün ola bilər. Bununla yanaşı, hələlik banklar resursları Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərindən deyil, digər istiqamətlərdən cəlb edirlər. Bu baxımdan da uçot dərəcəsinin azaldılması kredit dərəcələrinə daha çox psixoloji təsir edir.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda, güman olunur ki, bu addım depozit faizlərinə təsir göstərəcək. Mərkəzi Bankın uçot dərəcəsinin azalması fonunda kommersiya banklarının depozit faizlərinin azalması müşahidə oluna bilər. Həm manat, həm də xarici valyutada cəlb edilən depozitlərin depozit faizlərinin aşağı düşməsi müşahidə olunur ki, bu proses xüsusən 2021-ci ildən sonra daha da sürətlənib. Bütün bunlar ilə yanaşı, uçot dərəcəsinin azaldılmasının manatla yığımlara da təsir göstərəcəyi istisna deyil". 

Qeyd edək ki, bundan əvvəl sentyabrın 20-də keçirilən iclasda Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 9% səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 7,5%, yuxarı həddi isə 10% səviyyəsində saxlanılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et