Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 8 il öncəki səviyyəyə düşüb. 31 İyul 2017-ci il tarixinə ehtiyatların həcmi 5 milyard 33,1 milyon dollardır ki, bu təxminən 2009-cu il, may ayının valyuta ehtiyatlarının miqdarına uyğundur.
Banco.az portalı ölkənin son 8 il ərzində, iyul ayı üzrə valyuta ehtiyatlarını müqayisə edib. Lakin bu ilki göstərici heç də ən üzücü rəqəm deyil, ötən il vəziyyət daha pis olub – 4 milyard 162,9 milyon dollar və 2016-ci ilin iyulun sonu ilə müqayisədə ehtiyatlar 20,9% artıb.
Valyuta ehtiyatlarımızın ən pik həddi isə 2014-cü ilin iyulun 31-nə olan göstərici olub - 15 milyard 193,4 milyon dollar. Həmin müddətdən bəri rəsmi valyuta ehtiyatları 3 dəfə, yəni 10 milyard 160,3 milyon dollar azalıb.