2026-cı ilin birinci rübündə Azərbaycan ilə Türkiyə arasında fiziki şəxslər üzrə pul baratlarının ümumi həcmi 78.15 mln. dollar təşkil edib.
Banco. az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat dövründə Türkiyədən Azərbaycana göndərilən pul baratlarının həcmi 49.91 mln. dollar olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 26.1% artıb.
Eyni zamanda, Azərbaycandan Türkiyəyə köçürülən vəsaitlərin həcmi 28.24 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 12.9% azalma deməkdir.
Nəticədə, Azərbaycanın Türkiyə ilə pul baratları üzrə balansında 21.67 mln. dollar həcmində müsbət saldo yaranıb. Müqayisə üçün, 2025-ci ilin birinci rübündə bu göstərici 7.16 mln. dollar idi. Beləliklə, bir il ərzində müsbət saldo 3 dəfədən çox artıb.
2026-cı ilin ilk rübündə Türkiyədən daxil olan pul baratları Azərbaycanın ümumi daxilolmalarının 16.8%-ni, Türkiyəyə göndərilən vəsaitlər isə ümumi çıxış köçürmələrinin 27.2%-ni təşkil edib.
Xatırladaq ki, pul baratları bir şəxsin digər şəxsə müəyyən olunmuş vaxtda və ya tələb olunduqda konkret məbləğdə pul ödəməsi barədə verdiyi rəsmi, qanuni sənəddir.
