Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyədə aprel ayında işsizlik səviyyəsi 8,5 faiz təşkil edib.
Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına görə, aprel ayında ölkədə işsizlik nisbəti 0,1 bənd azalaraq 8,5 faiz hesablanıb.
Ev Təsərrüfatları İşçi Qüvvəsi Sorğusunun nəticələrinə görə, 2024-cü ilin aprel ayında 15 və daha yuxarı yaşda olan işsizlərin sayı əvvəlki ayla müqayisədə 18 min nəfər azalaraq 3 milyon 42 min nəfərə qədər geriləyib.
İşsizlik səviyyəsi isə 0,1 bənd azalaraq 8,5%-ə düşüb. Bu nisbət kişilər üçün 7,2%, qadınlar üçün isə 11,1% təşkil edib.
Məşğul əhalinin sayı da sözügedən dövrdə əvvəlki ayla müqayisədə 1000 nəfər azalaraq 32 milyon 618 min nəfərə, məşğulluq səviyyəsi isə 0,1 bənd azalaraq 49,5 faizə düşüb. Bu göstərici kişilərdə 66,9 faiz, qadınlarda da 32,5 faiz hesablanıb.
Qeyd edilib ki, 15-24 yaş qrupunu əhatə edən gənc əhali arasında işsizlik səviyyəsi əvvəlki ayla müqayisədə 0,1 bənd azalaraq 14,5 faizə geriləyib. Bu yaş qrupunda işsizlik nisbəti kişilər üçün 12,2 faiz, qadınlar üçün isə 19,1 faiz olub.
Bizi sosial şəbəkələrdən izləyin!!