Türkiyə yeni ödəniş sisteminə keçməyi planlaşdırır | Banco.az

Türkiyə yeni ödəniş sisteminə keçməyi planlaşdırır

Müəllif:Mehin Qasımova,Banco.az

Türkiyə Avropa Ödəniş Şurasına (EPC) rəsmi niyyət məktubu göndərərək Vahid Avro Ödəniş Bölgəsinə (SEPA) qoşulmaqda maraqlı olduğunu bəyan edib.

Banco.az xəbər verir ki, bu barədə Aİ-Türkiyə Yüksək Səviyyəli İqtisadi Dialoqunun İstanbulda keçirilən iclasından sonra yayımlanan birgə bəyanatda bildirilib.

Sənəddə qeyd olunur ki, Türkiyə Avropa İttifaqını rəsmi şəkildə Avropa Ödəniş Şurasına SEPA-ya qoşulmaq niyyəti barədə məlumatlandırıb. Tərəflər hesab edirlər ki, Türkiyənin gələcəkdə SEPA sistemində iştirakı Türkiyə ilə Aİ arasında sərhədyanı ödənişləri daha sürətli, təhlükəsiz və səmərəli edəcək, eyni zamanda ticarət və investisiya əlaqələrinin inkişafına töhfə verəcək.

İstanbulda keçirilən foruma Avropa Komissiyasının iqtisadi məsələlər üzrə üzvü Valdis Dombrovskis və Türkiyənin maliyyə və xəzinədarlıq naziri Mehmet Şimşek həmsədrlik ediblər. Görüşdə həmçinin Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, eləcə də Avropa Şurası İnkişaf Bankının nümayəndələri iştirak ediblər.

Birgə bəyanatda vurğulanıb ki, geosiyasi parçalanmanın dərinləşdiyi, iqtisadi risklərin artdığı və çoxtərəfli əməkdaşlığın sınaq qarşısında qaldığı bir dövrdə qarşılıqlı faydalı tərəfdaşlıqlar xüsusi əhəmiyyət daşıyır. Sənəddə Türkiyənin həm Avropa İttifaqına namizəd ölkə, həm də Aİ üçün mühüm tərəfdaş olduğu qeyd edilib.

Bəyanatda, həmçinin Aİ-Türkiyə münasibətlərinin qanunun aliliyi, fundamental insan hüquqları, demokratiya və media azadlığı kimi prinsiplər əsasında inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Avropa Komissiyası bildirib ki, qütbləşən beynəlxalq mühitdə iqtisadi etimadın qorunması, biznes mühitinin gücləndirilməsi və qarşılıqlı faydalı iqtisadi əlaqələrin inkişafı xüsusi aktuallıq kəsb edir.

Qeyd edək ki, Avropa Ödəniş Şurası (EPC) Avropada elektron ödənişlər üzrə standartların hazırlanması və əlaqələndirilməsi ilə məşğul olan beynəlxalq qeyri-kommersiya təşkilatıdır. SEPA isə avro ilə həyata keçirilən bank köçürmələrinin üzv ölkələr arasında daxili ödənişlər qədər sadə, sürətli və aşağı xərcli şəkildə aparılmasını təmin edən vahid ödəniş məkanıdır. Hazırda sistem Avropa İttifaqının bütün üzvləri də daxil olmaqla 41 ölkəni əhatə edir.