Türkiyə və Rusiya milli valyutalarla ticarətə keçə bilər | Banco.az

Türkiyə və Rusiya milli valyutalarla ticarətə keçə bilər

Rusiyanın bir sıra aparıcı banklarının beynəlxalq SWIFT sistemindən ayrılması fonunda ən münasib çıxış yolu milli valyutalarla ticarətin inkişafı olardı.

Bu barədə “Anadolu”ya Türkiyə İxracatçılar Birliyinin (TİM) rəhbəri İsmayıl Gülle deyib.

Onun sözlərinə görə, 2022-ci ilin fevral ayında türk lirəsi ilə ixrac əməliyyatlarının həcmi təxminən 100% artıb ki, bu da yerli valyuta ilə ticarətin daha da inkişafına töhfə verir.

İ.Gülle qeyd edib ki, Rusiyaya ixracda malların tədarükü ilə bağlı problem gözlənilmir, lakin bankların SWIFT sistemindən ayrılması səbəbindən ödənişlərdə fasilələr yarana bilər.

“SWIFT-ə alternativ ən uyğun həll yerli valyutalarla ticarətə keçmək olardı. Fevral ayında türk lirəsi ilə ixracat 100%-ə yaxın artıb. Bu, yerli valyutalarla ticarətin daha da inkişafına töhfə verəcək. Mərkəzi banklar milli valyutalarla ticarət üçün ümumi sistem yaratmalıdırlar”, - deyə İ. Gülle qeyd edib.

O xatırladıb ki, Rusiya ilə yerli valyuta ilə ticarət uzun müddətdir davam edir: “Biz artıq türk lirəsi ilə əməliyyatlar həyata keçiririk. Bu təcrübə bundan sonra da inkişaf edəcək”.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram