Türkiyə Mərkəzi Bankının (TCMB) Cümə axşamı günkü iclasının ardından verilən məlumata görə, bank pul siyasəti faizində dəyişikliyə getməyib.
TCMB əsas maliyyələşdirmə vasitəsi olan bir həftəlik repo faizini 24% səviyyəsində sabit saxlayıb. İqtisadçılar da faiz nisbətlərində bir dəyişiklik gözləmirdi.
Mərkəzi Bankın Sentyabr ayında keçirdiyi toplantısında siyasət faizi 17.75%-dən 24%-ə yüksəldilmişdi.
Mərkəzi Bankın açıqlamasından sonra Lirə bahalaşıb. Dollar/Lirə məzənnəsi 0,6% düşərək 5.30 səviyyələrinə geriləyib (saat 15:05-ə olan məlumat).
Sərt pul siyasətinin davam etdiriləcəyi qeyd edilən açıqlamada ehtiyac duyulması halında əlavə addımlar atılacağı bildirilib. Bankın açıqlamasında qiymət sabitliyi (inflyasiya) üçün bütün vasitələrdən istifadə ediləcəyi vurğulanıb.
İnflyasiyada qabarıq bir yaxşılaşma olana qədər sərt duruşun qorunacağı ifadə edilən açıqlamada qiymət sabitliyinə qarşı risklərin davam etdiyi vurğulanıb.
TCMB açıqlamasında iqtisadiyyatdakı yenidən tarazlanma prosesinin daha açıq bir hala gəldiyini də qeyd edib.
Marja.az