Türkiyənin məşhur Ziraat Bankı Azərbaycandakı ortağı olan AzərTürk Bankdan ayrılmağa qərar verib.
Bu barədə Ziraat Bankının baş direktoru yerli “Hürriyət” qəzetinə müsahibəsində deyib. Hüseyn Aydın bildirib ki, onlar bankdakı paylarını Azərbaycan dövlətinə satmağa məcbur olublar.
“Bizim Azərbaycanda 50-50-yə ortaqlığımız var idi. Orta Asiya respublikaları müstəqillik əldə etdikdən sonra o zamankı baş direktor Coşkun Ulusoy bütün bu ölkələrdə bank qurmuşdu. Qazaxıstandakının 100%-i də bizə məxsusdur. Türkmənistan, Özbəkistan, Azərbaycanda 50-50-yə ortaq olmuşuq. Azərbaycandakı bankda texnoloji infrastrukturda problemlər var. Bazar çox yaxşıdır, irəliləmək lazımdır. Amma bizim çox yaxşı fəaliyyətimiz yoxdur. Texnoloji infrastrukturu gücləndirərək daha da böyümək məqsədilə ortağımızla masaya oturduq. Ancaq bunu birlikdə etmək məsələsində anlaşa bilmədik. Və dedik ki, yaz siz alın, ya da bizə verin. Sonda qərara gəldik ki, onlar bankı alır, bizə də yeni bir bank üçün lisenziya verilir”- deyə Hüseyn Aydın açıqlamasında qeyd edib.
Bundan əvvəl Azərbaycan Mərkəzi Bankı Türkiyə hökumətinə məxsus Ziraat bankının müstəqil bank fəaliyyəti üçün lisenziya almaq istədiyini açıqlamışdı. Ziraat Bankı 1995-ci ildə Azərbaycan dövlətinə məxsus Aqrarkredit Bankı ilə birgə AzərTürkBankı təsis ediblər.
Hazırda rəsmi məlumata görə, AzərTürkBankın səhmlərinin yarısı Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə, yarısı Ziraata məxsusdur. Eyni zamanda maliyyə təşkilatı məcmu kapitalını hələ də tələb olunan 50 milyon manata çatdırmayıb.