Türkan Fərzəliyeva: “Peşəkar insan iş vaxtını özü təyin edir” | Banco.az

Türkan Fərzəliyeva: “Peşəkar insan iş vaxtını özü təyin edir”

Həyatda hansısa bir pilləyə gəlib çıxmaq üçün təhsilin rolunun böyük olduğunu fikirləşir. Bununla yanaşı düşünür ki, insan təkcə aldığı təhsillə kifayətlənməməlidir, onu tətbiq etməyi də bacarmalıdır. Düşünür ki, insanın həyatı daimi şəkildə təhsillə bağlı olmalıdır. Yəni işlədiyimiz dövrdə “artıq işləyirəm, mənə oxumaq lazım deyil”, demək insanı inkişafdan saxlayır. Banco.az-ın budəfəki müsahibi marketinq meneceri Türkan Fərzəliyevadır. Qeyd edim ki, müsahibim daha əvvəl “Az-Granata”, “Modern Group” Şirkətlər qrupunda marketinq meneceri vəzifəsi üzrə çalışıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İstehsalat Proseslərinin Avtomatlaşdırılması və Sistemlərin mühəndisliyi üzrə təhsil alan müsahibim hələ tələbəlik illərində öz seçimini edərək, marketinqə yönəlib: “Mənim atam İqtisad Universitetində tarix elmlər namizədidir. Əslində təhsilə meyllənməyimdə ailəmin rolu böyük olub. Ailəm mənə hər zaman oxumağın vacib olduğunu təlqin edib. İxtisasca mühəndis olsam da, bakalavr dövründə ixtisasımla bağlı lazımi məlumatları ala bilməyəcəyimin fərqinə vardım. Amma yenə də dərslərimi yaxşı oxuyurdum. Elə birinci kursda oxuyarkən, öz istiqamətimi dəyişmək qərarına gəldim. Həmin vaxtdan işləməyə başladım. Şirkətlərdə könüllü şəkildə çalışırdım. Demək olar ki, dörd fərqli şirkətdə iki il maaş almadan işləmişəm. Daha sonra İT şirkətlərinin birində satış təmsilçisi olaraq işləməyə başladım. Eyni zamanda, gənclər təşkilatının üzvü idim və sosial aktiv biri idim. Satış təmsilçisinin marketinqə marağının yaranması təbiidir. Mən marketinqə satışı öyrəndikdən sonra, yəni addım-addım gəldim. Daha sonra isə marketinq agentliklərinin birində layihə koordinatoru olaraq işə başladım. Amma işlədiyim müddətdə özümdə nəzəriyyənin əskikliyini hiss edirdim. Çünki marketinq sahəsində çalışsam da, bu sahə üzrə nəzəri biliklərim az idi. Online kurslar və kitablarla öyrənməyə çalışırdım, lakin bununla qane olmurdum. Həmin dövrdə qərara gəldim ki, bu sahə üzrə təhsil almalıyam. Beləcə İstanbulun Bahçeşehir Universitetində marketinq üzrə magistr təhsili almaq üçün Türkiyəyə yollandım”. 

Gənc mütəxəssis deyir ki, heç bir iş ona çətin gəlmir: “Bizdə hələlik bu ənənə formalaşmayıb. Bəzən elə olur ki, hansısa şirkətin marketinq departamentinin rəhbəri qadın olanda təəccüblə qarşılanır. Mənə görə işin qadın və kişi üzrə bölgüsü yoxdur. Hətta deyərdim ki, kişilərin bacarmadığı işlərin öhdəsindən qadınlar asanlıqla gələ bilir. Demək olar ki, bu sahə üzrə kifayət qədər təcrübəm var. Mən gənc yaşlarımda iş həyatına atıldığım üçün özümü çox şanslı hesab edirəm. Həmin vaxt biz istirahət etmədən ilin 365 gününü işləyirdik. Çünki reklam elə bir şeydir ki, insanların istirahət etdiyi zaman onlara xidmət göstərməlisən. Buna görə də təzyiq altında və istirahətsiz işləməyi öyrəndim. O təcrübəni keçdikdən sonra indi mənə heç bir iş çətin gəlmir”.

Həmsöhbətim deyir ki, marketinq şirkətlərin onurğa sütunu hesab olunur: “Marketinq istehlakçı ehtiyacıdır. Şirkətlərin və brendlərin tanınması, neqativ halların aradan qaldırılması və göstərdiyiniz xidmətləri insanlara strategiyaya uyğun şəkildə təqdim etmək bu departamentin işidir. Yəni, marketoloq daim insanlarla, müştərilərlə ünsiyyətdə olur. Amma bu heç də göründüyü qədər asan deyil. Dünya təcrübəsində marketinq uzun illərdir davam edir və böyük təcrübə keçib. Əslində marketinqin tarixi qədimdir. Sadəcə olaraq elm olaraq yeni sahə hesab olunur. Sevindirici haldır ki, Azərbaycanda da bu sahə son illər ərzində inkişaf etməkdədir”.

Ən sərfəli kredit üçün müraciət et

Deyir ki, axşam saat 11-ə kimi ofisdə işləmək, işi evə aparmaqdan yaxşıdır: “Korporativ şirkətlərdə iş rejimi adətən 9-6 olur. Amma bu o demək deyil ki, sən öz işini bitirməmiş saat altını gözləməlisən. Təcili və vacib olduğu zaman hətta saat 10-a qədər ofisdə qalıb işləyirəm. Hesab edirəm ki, işə və çalışdığın şirkətə ürəkdən can yandırmalısan. Məncə öz karyerasını və gələcəyini fikirləşən insanlar saat altı olan kimi işdən çıxmalı deyil. Peşəkar insan işin nə vaxt bitdiyinə özü qərar verməlidir. İş nə qədər çox olsa da işi evə aparmağın tərəfdarı deyiləm. Hələ agentlikdə işlədiyim vaxtlar günün 15 saatı işdə olmağa razı idim, yetər ki, evə iş aparmayım. Hətta ofisdə heç kim olmayanda, bayram günləri belə işlədiyim vaxtlar olub. Çünki ofis şəraitində diqqətimi işə verə bilirəm”.

İşin çoxluğundan qorxmadığını deyən müsahibim qeyd etdi ki, vaxtı düzgün şəkildə bölməyi bacarmaq lazımdır: “İşin çoxluğundan qorxmaq lazım deyil. Əsas olan vaxtı düzgün şəkildə idarə etməyi bacarmaqdır. Öz təcrübəmdən deyə bilərəm ki, həftəsonuna iş salmaq lazım deyil. Həftədə bir günümü ailəmə ayırıram. Amma özünü çox stressə salmaq da olmaz. Şanslıyam ki, sevdiyim işlə məşğulam. Hər hansısa bir layihəm olanda onun uğurlu bir nəticəsinə çox fokuslanıram. Mənim motivasiyam həmişə boldur. İş nə qədər çox olsa, deməli o qədər çox uğur qazanacaqsan”.

Türkan Fərzəliyevanın uğur anlayışı bir qədər fərqlidir: “Mənə görə hansısa vəzifədə olmaq uğur hesab olunmur. Uğur sənin gördüyün işlərdir. Məsələn, mənə görə “Vita1000” layihəsi uğurlardan biridir. Gələcəkdə də belə layihələrimin olacağına əminəm. Amma bu təkcə mənim deyil, komanda və şirkətin uğuru hesab olunur. Mən özümü bunun bir hissəsi hesab edirəm. Uğur qazanmaq üçün əzmli və səbirli olmaq lazımdır. Nəyisə qazanmaq üçün dayanmadan çalışmaq lazımdır. Bizim çalışdığımız sahə elə bir sahədir ki, insandan təcrübə tələb edir. Həmçinin, sən dövrün tələbini bilməlisən. Heç bir neqativə köklənmək lazım deyil. Uğur qazananların karyerasına fikir versək onların məsuliyyətli və səbrli insanlar olduğunu görərik”.

Müsahibimə uğurlar arzulayıb, gələcək planları haqda da soruşduq: “Hal-hazırda planlarım və layihələrim var. Ona görə də xeyli vaxtdır ağır qrafiklə işlədiyim işimdən ayrılmaq qərarı aldım. Öhdəliklərim və məqsədlərim kifayət qədərdir. Ən böyük hədəfim bu məqsədlərimə çatmaqdır. Özümü qarşıma qoyduğum layihələrin nəticələrinə kökləmişəm. Bundan başqa daha çox öyrənməyə cəhd edirəm. Çalışıram ki, hər həftə bir kitab bitirim. Gələcəkdə akademik təhsilimi davam etdirmək niyyətim var. Çünki bəlli müddətdən sonra təcrübələrini və biliklərini paylaşmaq ehtiyacı hiss edirsən. Öz öyrəndiklərimi indi tələbələrlə paylaşmağa çalışıram. Öyrəndiklərimi tədris etmək də hədəflərimə daxildir”.

Şəbnəm Mehdizadə

Ən sərfəli krediti almaq üçün müraciət et