Nikolay Tokarev jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, 2014-cü ildə "Transneft" magistral boru kəmərləri sistemi üzrə neft nəqli 1.5% - 225 milyon tona qədər azala bilər. Bundan əlavə qeyd edib ki, Rusiyanın daxili bazarında tədarük həcmi 250.5 milyon ton təşkil edəcək.
Onun sözlərinə görə, həcmin Qərb və Şərq istiqamətləri üzrə mütənasib bölgüsündə heç bir dəyişiklik olmayacaq.
Şirkət rəhbəri həmçinin nəzərə çatdırıb ki, 2020-ci ilə qədər “Transneft” şirkəti investisiya layihələrinə 540 milyard rubl dəyərində vəsait sərf etmək niyyətindədir. O xatırladıb ki, “Transneft” sisteminin investisiya proqramı şirkətin idarə heyətinin, Direktorlar Şurasının və Energetika Nazirliyinin iclaslarında bir neçə dəfə nəzərdən keçirilib.
Nikolay Tokarev qeyd edib ki, bu dövr ərzində “Transneft” sisteminin əsas layihələri sırasına Şərqi Sibir-Sakit okean-2 sisteminin həcminin 58 milyon tona qədər genişləndirilməsi daxildir.
Qeyd edildiyi kimi, “Transneft” sisteminin 2014-2018-ci illəri əhatə edən investisiya proqramı üçün 458 milyard rubl dəyərində vəsait xərclənəcək.
Şirkət əsaslı təmir və yenidənqurma işlərinə daha çox vəsait sərf etmək niyyətindədir. Məlumatlara əsasən, 2020-ci ilə qədər əsaslı təmir və yenidənqurma proqramının tətbiqi üçün 1.5 trilyon rubl dəyərində məbləğin sərf olunacağı gözlənilir. “Transneft” şirkətinin rəhbəri qeyd edib ki, 2014-cü ildə bu məqsədlərin icrasına 185 milyard rubl dəyərində vəsait xərclənəcək.
Banco.az / Sevinc İbadova