Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ prezidenti Donald Tramp sosial media hesabında Kanada, Meksika, Qrenlandiya və Kuba da daxil olmaqla ətraf əraziləri ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb.
Banco.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın paylaşdığı xəritə Vaşinqtonun qonşu ölkələr və ərazilərlə bağlı siyasəti ətrafında yeni müzakirələrə yol açıb.
Paylaşım Trampın bundan əvvəl ABŞ-ın Nyu-Meksiko ştatının adındakı “Meksika” sözünün üstündən xətt çəkilərək onun “Amerika” sözü ilə əvəzləndiyi xəritəni paylaşmasından sonra gündəmə gəlib.
Trampın yeni xəritəsində isə ABŞ-ın hazırkı sərhədləri daha geniş formada təqdim olunub. Paylaşımın hansı məqsədlə edildiyinə dair ayrıca açıqlama verilməyib.
Trampın paylaşımına Meksika prezidenti Klaudiya Şeynbaum da reaksiya verib.
Şeynbaum sosial media hesabında Meksikanın “azad, müstəqil və suveren” ölkə olduğunu vurğulayıb.
Meksika prezidenti ölkəsinin heç bir xarici dövlətin himayəsində olmadığını və olmayacağını bildirib.
Şeynbaumun açıqlaması Trampın Meksika ilə bağlı son paylaşımına birbaşa cavab kimi qiymətləndirilib.
