Müəllif: Tamara Mustafayeva, Banco.az
Aİ-nin süni intellekt qaydaları ABŞ-la gərginlik yaradır
Banco.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) süni intellekt sahəsində hazırladığı yeni qaydalar ABŞ tərəfindən tənqid olunub. Qaydalar texnologiyanın daha şəffaf və riskləri azaldılmış şəkildə, eyni zamanda müəllif hüquqlarına uyğun inkişafını hədəfləyir. Lakin ABŞ administrasiyası bu tənzimləmələri “çox sərt” hesab edir və Avropa Komissiyasına rəsmi etiraz məktubu göndərib.
Hazırda layihə mərhələsində olan qaydalar, şirkətlərin Aİ-nin Süni İntellekt Qanununa uyğun fəaliyyətini təmin etməyi hədəfləyir. Qanuna əməl olunmaması illik dövriyyənin 7%-dək cərimə ilə nəticələnə bilər. Tənqidçilər bu qaydaların qanunun özündən daha sərt olduğunu və şirkətlərə əlavə yük gətirdiyini bildirirlər.
Aİ-nin bu təşəbbüsü ABŞ-da bəzi siyasi dairələr tərəfindən texnologiya şirkətlərinə təzyiq vasitəsi və iqtisadi təhdid kimi qiymətləndirilir. ABŞ Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin sədri Cim Jordan bu qaydaların ifadə azadlığını məhdudlaşdırdığını iddia edib.
Meta və Alphabet kimi nəhəng texnologiya şirkətləri də tənzimləmələrə qarşı çıxır. Meta qaydaları "icraolunmaz", Alphabet isə müəllif hüquqlarına dair şərtləri "həddindən artıq" adlandırıb.
Aİ-nin Meta və Apple şirkətlərinə kəsdiyi 700 milyon avroluq cərimə isə ABŞ administrasiyasının qəzəbinə səbəb olub. Ağ Ev rəsmiləri bu addımı "iqtisadi şantaj" kimi dəyərləndirib. Bütün bunlar ABŞ və AB arasında texnologiya sahəsində artan gərginliyi bir daha gündəmə gətirir.
Bizi sosial şəbəkələrdən izləyin!!