Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Səudiyyə Ərəbistanı ilə mülki nüvə əməkdaşlığını nəzərdə tutan "123 saylı Saziş" yalnız krallığın İbrahim Sazişlərinə qoşulacağı təqdirdə ratifikasiya ediləcək.
Banco.az xəbər verir ki, Trampın sözlərinə görə, ABŞ Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı arasında imzalanan saziş yalnız mülki məqsədli nüvə əməkdaşlığını əhatə edir və uranın zənginləşdirilməsi və ya hərbi nüvə proqramı ilə bağlı müddəaları nəzərdə tutmur. O vurğulayıb ki, ABŞ dinc məqsədli nüvə enerjisinin inkişafını dəstəkləyir.
ABŞ dövlət katibi Marko Rubio da bildirib ki, Vaşinqtonun hər hansı ölkə ilə bağladığı mülki nüvə sazişləri nüvə proqramının silah istehsalına çevrilməsinin qarşısını alan ciddi təminatları özündə ehtiva edir. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı ABŞ-ın strateji tərəfdaşıdır və Vaşinqton bu sahədə əməkdaşlıq üçün etibarlı çərçivə yaratmağa çalışır.
Ağ Evin mətbuat katibi Karolin Livitt isə ABŞ–Səudiyyə Ərəbistanı arasında enerji əməkdaşlığı ilə bağlı razılaşmanın İbrahim Sazişləri ilə əlaqələndirildiyini bildirib. O qeyd edib ki, Tramp hələ Səudiyyə rəhbərliyi ilə nüvə sazişinin bütün şərtlərini müzakirə etməyib, lakin Vaşinqton krallığın yaxın zamanda İbrahim Sazişlərinə qoşulacağına ümid edir.
ABŞ Energetika Nazirliyinin açıqlamasına əsasən, energetika naziri Kris Rayt və Səudiyyə Ərəbistanının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səud "123 saylı Saziş" və onu müşayiət edən ikitərəfli təhlükəsizlik sazişini imzalayıblar.
Nazirlik bildirir ki, bu sənədlər onillikləri əhatə edəcək çoxmilyardlıq əməkdaşlığın hüquqi əsasını formalaşdıracaq. Razılaşma ABŞ şirkətlərinə Səudiyyə Ərəbistanının mülki nüvə enerjisi proqramında daha geniş iştirak imkanı yaradacaq, ölkənin enerji tələbatının ödənilməsinə dəstək verəcək, eyni zamanda ABŞ sənayesi və təchizat zənciri üçün yeni iqtisadi imkanlar açacaq.
Bəyanatda həmçinin vurğulanır ki, əməkdaşlıq nüvə təhlükəsizliyi və yayılmama standartlarına uyğun həyata keçiriləcək, regional təhlükəsizliyin gücləndirilməsinə töhfə verəcək və ABŞ-ın mülki nüvə texnologiyaları sahəsində rəqabət üstünlüyünü möhkəmləndirəcək.
