Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Prezidenti Donald Trampın administrasiyası xaricdə istehsal olunmuş dronlar və onların ehtiyat hissələrinə yeni gömrük rüsumları tətbiq etməyə hazırlayır.
Banco.az xəbər verir ki, yeni tənzimləməyə əsasən, bəzi dronlar və onların komponentləri üçün vergi dərəcələri 100%-ə qədər artırılacaq.
Çəkisi 25 kiloqramdan çox olan və ya milli təhlükəsizlik baxımından həssas sayılan xüsusi imkanlara malik dronlar 100%-lik tarifə məruz qalacaq. Daha kiçik həcmli və sadə dronlar üçün isə 25%-lik tarif dərəcəsi müəyyən edilib.
Bununla yanaşı, ABŞ müttəfiq ölkələr üçün fərqli güzəştli tariflər tətbiq edəcək. Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya, İsveçrə, Lixtenşteyn və Tayvandan idxal edilən dron və ehtiyat hissələrinə 15%, Birləşmiş Krallıqdan gələn məhsullara isə 10% vergi şamil olunacaq.
Qərarların böyük hissəsi Prezident Trampın müvafiq sərəncamı imzalamasından 21 gün sonra hüquqi qüvvə alacaq. Təhlükəsizlik baxımından həssas sayılmayan dron hissələri üçün nəzərdə tutulan tariflər isə 180 gündən sonra tətbiq ediləcək. Bu 180 günlük keçid dövrü həmçinin Pentaqon tərəfindən istisna edilən və Federal Rabitə Komissiyasının "Əhatə Edilən Siyahısı"na (Covered List) daxil olunmayan məhsullara da şamil olunur.
Ağ Ev bu addımla ABŞ-ın xarici dron istehsalçılarından asılılığını minimuma endirməyi hədəfləyir. Ticarət katibi Hovard Lutnik tərəfindən aparılan təhlillərdən sonra Prezident Tramp xaricdən gətirilən PUA-ların təhlükəsizlik riskləri yaratdığını bəyan edib. Açıqlanan hesabatda ABŞ-ın mövcud daxili istehsal gücünün ölkənin təhlükəsizlik ehtiyaclarını qarşılamaq üçün yetərli olmadığı vurğulanıb.
