Tramp sərəncam imzaladı: Polad, alüminium tarifləri artırıldı | Banco.az

Tramp sərəncam imzaladı: Polad, alüminium tarifləri artırıldı

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Tramp polad və alüminium idxalına tətbiq edilən 25 faizlik gömrük rüsumunu 50 faizə qaldıran sərəncam imzalayıb.

Banco.az xəbər verir ki, fərmanda ABŞ-ın polad və alüminium idxalının ölkənin milli təhlükəsizliyini təhdid edəcək miqdarda və şəraitdə olduğu bildirilir.

Fərmanda polad və alüminiuma 25 faizlik tarif tətbiq edildiyi xatırladılıb və bu nisbətin müəyyən irəliləyişlər gətirsə də, sektorun istehsal imkanlarından davamlı səviyyədə istifadəsini təmin etmədiyi iddia edilib.

Bu səbəbdən polad və alüminium məmulatları və onların törəmələri üçün gömrük rüsumunun 25 faizdən 50 faizə qaldırıldığı bildirilən fərmanda tariflərin iyunun 4-də yerli vaxtla saat 00.01-dən qüvvəyə minəcəyi bildirilib.

Eyni zamanda,İngiltərə ilə keçən ay imzalanan ticarət müqaviləsi çərçivəsində bu ölkəyə güzəşt edildiyi və polad və alüminiuma tətbiq edilən gömrük rüsumlarının 25% olaraq qalacağı və bu vəziyyətə iyulun 9-dan sonra yenidən baxılacağı bildirilib.