Tramp Kolumbiyaya qarşı sanksiya tətbiq edib | Banco.az

Tramp Kolumbiyaya qarşı sanksiya tətbiq edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Prezidenti Donald Tramp Kolumbiyaya tariflər və sanksiyalar tətbiq edilməsi barədə göstəriş verib.

Banco.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.

ABŞ-dan yola düşən və "çox sayda qaçaq cinayətkarı daşıyan" iki geri dönüş təyyarəsinin Kolumbiyaya enməsinə icazə verilmədiyini öyrəndiyini bildirən Tramp, "Bu əmr Kolumbiyanın sosialist Prezidenti Qustavo Petro tərəfindən verilib. Petro xalqı arasında onsuz da çox sevilmir," ifadəsini işlədib.

Tramp Petronun təyyarələrin ölkəyə enməsinə icazə verməməsinin ABŞ-ın milli və ictimai təhlükəsizliyini təhlükəyə atdığını vurğulayaraq, təcili və qəti cavab tədbirlərinin görülməsi barədə göstəriş verdiyini bildirib.

Kolumbiyadan ABŞ-a idxal olunan bütün mallara təcili olaraq 25% gömrük rüsumu tətbiq edilməsini tələb etdiyini qeyd edən Tramp bir həftə ərzində bu rüsumun 50%-ə qədər artırılacağını vurğulayıb.

Bundan əlavə, Tramp Kolumbiya hökumətinin vəzifəli şəxsləri, onların müttəfiqləri və tərəfdarları üçün səyahət qadağası və viza ləğvləri barədə göstəriş verib. O, Kolumbiya hökumətinin bütün partiya üzvlərinə, onların ailələrinə və tərəfdarlarına viza sanksiyalarının tətbiq olunacağını bildirib.

Tramp milli təhlükəsizlik səbəbilə Kolumbiya vətəndaşlarına və yüklərinə gömrük və sərhəd nəzarətinin gücləndiriləcəyini, həmçinin maliyyə, bank və iqtisadi sanksiyaların tətbiq ediləcəyini qeyd edib.

Bu tədbirlərin yalnız başlanğıc olduğunu vurğulayan Tramp, "Kolumbiya hökumətinin ABŞ-a məcburən göndərdiyi cinayətkarların qəbul edilməsi və geri qaytarılması ilə bağlı qanuni öhdəliklərinin pozulmasına icazə verməyəcəyik," ifadəsini işlədib.

Qeyd edək ki, Kolumbiya Prezidenti Qustavo Petro ABŞ-dan deportasiya edilmiş və Kolumbiyalı miqrantları daşıyan təyyarələrin ölkəyə enməsinə icazə verməmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram