ABŞ Prezidenti Donald Trampın gələn həftə Federal Ehtiyat Sisteminin (FED) yeni sədrini elan edəcəyi gözlənilir.
Banco.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun (WEF) 56-cı İllik Toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
FED sədrliyi ilə bağlı suala cavab verən Bessent qeyd edib ki, bu vəzifə üçün “dörd çox güclü namizəd” mövcuddur. Onun sözlərinə görə, yekun qərar Prezident Donald Trampa məxsusdur:
“Bu, Prezidentin qərarıdır və düşünürəm ki, o, gələn həftənin birində bu barədə açıqlama verəcək".
Nazir ABŞ-ın Qrenlandiya ilə bağlı mövqeyinə də toxunub. Bessent bu məsələ ilə əlaqədar Avropa ilə kompromis tapılacağına əminliyini ifadə etsə də, Avropanın Tramp administrasiyasının mümkün tarif addımlarına qarşı sərt cavab vermək imkanlarını şübhə altına alıb.
O bildirib ki, məsələ hələ yeni gündəmə gəlib və ABŞ-la Avropanın milli təhlükəsizlik maraqları çərçivəsində həll yolu tapılacaq:
“Tariflərlə bağlı açıqlamadan cəmi 48 saat keçib. Arxayın olun və sakitləşin. Əminəm ki, liderlər vəziyyəti gərginləşdirməyəcək və nəticə hər kəs üçün müsbət olacaq".
ABŞ ilə Avropa arasında münasibətlərin hazırda olduqca güclü olduğunu vurğulayan Bessent münasibətlərimiz heç vaxt bu qədər yaxın olmayıb deyə əlavə edib.
