Müəllif: Tamara Mustafayeva, Banco.az
Tramp administrasiyası 103 min dollarlıq peşəkar viza rüsumunda israr edir.
Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın ötən il xaricdən viza alacaq H-1B işçiləri üçün tətbiq etdiyi 100 min dollarlıq rüsumu nəzərdə tutan fərmanı Boston federal məhkəməsi tərəfindən səlahiyyət həddinin aşılması əsas gətirilərək ləğv edilmiş, Birinci Dairə Apellyasiya Məhkəməsi isə qərarın icrasının dayandırılmasından imtina etmişdi.
Tramp administrasiyası məhkəmə maneəsi ilə üzləşən bu tənzimləmənin ardınca hüquqi boşluqları aradan qaldırmaq məqsədilə Daxili Təhlükəsizlik Nazirliyi (DHS) vasitəsilə rəsmi qayda hazırlamağa başlayıb. Fərmandan fərqli olaraq hazırlanan qayda layihəsi yalnız xaricdən gələn işçiləri deyil, hazırda ABŞ-da olan, universitetləri yeni bitirən və ya statusunu dəyişən əcnəbi işçilər üçün verilən kvotaya tabe bütün müraciətləri əhatə edəcək şəkildə hazırlanıb.
Xəbərin təfərrüatlarına görə, illik 85 min nəfərlik qanuni kvotaya tabe olan, əsasən texnologiya və mühəndislik sahələrinə yönəlmiş H-1B müraciətlərini hədəf alan bu qayda layihəsində universitetlər, xəstəxanalar və kommersiya məqsədi daşımayan tədqiqat müəssisələri əlavə rüsumdan azad edilir.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DHS) toplanacaq bu rüsumlar hesabına İmmiqrasiya Xidməti (USCIS), Sərhəd Mühafizəsi (CBP), İmmiqrasiya Məhkəmələri (EOIR), Dövlət və Əmək nazirliklərinin immiqrasiya nəzarəti ilə bağlı xərclərini qarşılamağı hədəfləyir.
İllik təxminən 8,8 milyard dollar həcmində böyük maliyyə mənbəyi yaradacağı gözlənilən bu rüsum layihəsinin, xüsusilə texnologiya nəhəngləri və məsləhət şirkətləri üzərindəki xərc təzyiqini misli görünməmiş səviyyəyə çatdıracağı gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!
